Azərbaycanda bundan sonra da bankların azalması prosesini proqnozlaşdıra bilərik.
TƏCİLİ: “Günay Bank”ın lisenziyası ləğv edildi və müvəqqəti inzibatçı - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, bankların fəaliyyətinin dayandırılmasının tərəfdarı deyil. “Düşünürəm ki, banklar daha çox sağlamlaşdırmaya məruz qalmalıdır. Bunun üçün isə biz ilk növbədə bankların birləşməsi və onların həm öhdəlikləri, həm aktivləri daxilində ciddi keyfiyyət dəyişikliklərinə nail olmalıyıq. Təəssüf ki, bizim banklar real olaraq birləşməyə getmir.
Bir tərəfdən də bizim bankların həm öhdəliklər, həm də aktivlər baxımından çox böyük problemləri var. Bankların sağlam bank sektorunda öhdəlikləri ölkədaxili resurslara söykənməlidir, müvafiq depozit bazası yaradılmalıdır” – deyə E.Məmmədov vurğulayıb.
Onun fikrincə, digər tərəfdən Mərkəzi Bank banklara məqsədli, ünvanlı kredit resursları təmin etməlidir ki, o kredit resursları idarə olunsun.
“Eyni zamanda bankların aktivlərində də köklü dəyişikliklərə nail olunmalıdır. Yəni bizim banklar biznesə və istehsala yönəlik uzunmüddətli investisiya mənbvəyinə çevrilməlidir. Zənnimcə bankların azalması prosesi davam edəcək və bunun qarşısını almaq üçün qeyd olunan məsələlər öz həllini tapmalıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. (Trend)