2026-cı ilin mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır.
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin mart sayında bildirilir.
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin mart ayında fevral ayına nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır.














