Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında ” yeni qanun layihəsi hazırlandığını bildirib.
FED.az Vergeler.az-a istinadən xəbər verir ki,Tamerlan Rüstəmovun sözlərinə görə, qanun ödəniş ekosistemində yeni tənzimləmə çərçivəsini formalaşdıracaq. Layihə elektron pul emissiyası və istifadəsi üzrə hüquqi bazanın formalaşdırılmasını, valyuta təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması prosedurunu, elektron ödənişlərlə bağlı vətəndaşların məlumatlandırılması prosesini, problemli halların həllini və digər məqamları özündə əks etdirir.
Layihənin Avropa Birliyinin Daxili bazarda ödəniş xidmətləri üzrə Direktivi əsasında hazırlandığını deyən T.Rüstəmov bu sənədin maliyyə sistemində banklar və finteklər arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, innovativ həllərin tətbiqinin genişlənməsinə şərait yaradacağını vurğulayıb.
Yeni qanun layihəsi bank olmayan ödəniş təchizatçılarının fəaliyyətinin lisenziyalaşmasını da nəzərdə tutur. Həmin təşkilatlar lisenziya aldıqdan sonra ödəniş xidmətləri göstərə biləcəklər. Ödəniş xidmətlərinin təsnifatı və təqdim edilməsinə dair tələblər qanun layihəsində əksini tapıb.
Layihə artıq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb.