Azərbaycan bankları kredit verərkən götürdükləri girov məsələsində ehtiyatlı olmağa başlayıblar. FED.az-ın məlumatına görə, artıq bəzi banklar maksimum likvid girov saxlamaq üçün bir sıra əmlakları girov götürməkdən imtina edirlər.
Bunlardan biri də “Nikoil Bank”dır. Bankın yeni elan etdiyi kredit kampaniyasına görə, daşınmaz əmlak girovu ilə illik 20%-lə kredit təşkil edilir. Bu kampaniya ilə maksimal müddəti 60 ay olmaq şərtilə, 50 min manata qədər kredit rəsmiləşdirmək mümkündür.
Bununla yanaşı, bankdan bildirilib ki, kredit verələrkən girov olaraq yalnız yaşayış evləri və mənzillər qəbul edilir. Üstəlik, kampaniya yalnız Bakı və Abşeron filiallarında keçirildiyinə görə, girov kimi də yalnız Abşeron və Bakı ərazisində olan evlər qəbul edilir. Digər daşınmaz əmlaklar - torpaq, obyekt və s. girov olaraq qəbul edilmir.
Daşınmaz əmlak bazarı üzrə mütəxəssis Ramin Osmanlı bildirir ki, bankların bu davranışı girovların likvid olmaması ilə bağlıdır. Hazırda bazarda tələb qıtlığı səbəbindən ən likvid əmlak mənzilərdir. Obyektlər isə o qədər də tez satılmadığından onların likvidliyi daha aşağıdır.
Belə ki, qiyməti 200 min manata qədər olan obyektlərin satış müddəti (bazara çıxarılandan satılana qədər müddət) 3 ay təşkil edir. Qiyməti 200-500 min manat arasında olan obyektlər isə ən tezi 5-6 aya satılır. Daha bahalı obyektlərin satışı bəzən 1 ilədən çəkir.
Mənzillərdə isə əksinə, satış müddəti orta hesabla 100-105 gün təşkil edir. Amma bu göstərici mənzillərin növünə görə dəyişir. Belə ki, nisbətən kiçik – 1-2 otaqlı mənzillərdə satış müddəti 30-35 gün təşkil edir. Məhz bu səbəbdən banklar son vaxtlar obyektləri deyil, mənzilləri girov saxlamağa çalışırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Obyektləri girov götürmür – BANKDAN YENİLİK
14:42
10 Okt 2017