“Nikoil Bank” ASC-nin səhmdarlarının fevralın 8-nə Londonda (Birləşmiş Krallıq), Pikadili küçəsi, 21 ünvanındakı “Le Méridien Piccadilly” hotelində keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağı təxirə salınıb.
Bankdan verilən məlumata görə, yığıncaq fevralın 20-də adı çəkilən ünvanda baş tutacaq. Yığıncağın gündəliyinə “Nikoil Bank”ın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, Komitə üzvlərinin mükafatlandırılmasının və Bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələləri daxildir.
Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.