Mərkəzi Bank 2018-ci ilin yanvar-iyun ayları üçün Pul Siyasəti İcmalını açıqlayıb.
FED.az-ın İcmala istinadən məlumatına görə, həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 6 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib.
Qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 14,4 mlrd. ABŞ dolları ekvivalentində olub. İlk 6 ayda qeyri-nağd valyuta bazarında əməliyyatların 87%- i ABŞ dollarında, 13%-i digər valyutalarda aparılıb.
Qeyri-nağd valyuta əməliyyatlarının 49,2%-i banklararası valyuta bazarında (BVB), 50,8%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53,3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.
BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 7,3 mlrd. dollar ekvivalentində olub ki, bunun da 78%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 3,2 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 2,5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
2018-ci ilin I yarımilliyində də Mərkəzi Bankda Dövlət Neft Fondunun (DNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilib. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
2018-ci ilin yanvar-iyun ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 49 valyuta hərracı keçirilib. Dövr ərzində DNF-in xarici valyuta satışları 2 milyard 974,4 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin yanvar-iyun aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6957, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0044 manat), satış məzənnəsi ilə isə 0,1% (0.0021 manat) olub.
Dövr ərzində manat ABŞ dollarına qarşı 0,01%, Türk lirəsinə qarşı 17,3%, Avroya qarşı 2,4%, İngiltərə funt sterlinqinə qarşı 2,5%, Rus rubluna qarşı 8,1% möhkəmlənib.
Neft Fondu 6 ayda banklara 3 milyarda yaxın dollar satıb
22:47
31 Avq 2018