Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuata müsahibəsində dollar-manat məzənnəsi və onun neftin qiymətindən asılılığı mövzusuna da toxunub.
FED.az xəbər verir ki, Mərkəzi Bank rəhbəri məzənnədən danışarkən diqqəti Azərbaycanın cari əməliyyatlar balansına, daha dəqiqi bu göstəricinin profisitdə olmasına yönəldib.
Mərkəzi Bank sədri bildirib ki, "Neftin orta illik qiyməti 45 dollar olsa belə, Azərbaycanın cari əməliyyatlar balansı profisitdə qalacaq".
Xatırladaq ki, 2026-nın dövlət büdcəsində neftin qiyməti 65 dollardan hesbalanıb.
Taleh Kazımov bildirib ki, neftin orta illik qiymətinin hətta 45 dollara düşməsi halında belə Azərbaycanın cari əməliyyatlar balansı müsbətdə olacaq.
«Çox vacib məsələ ondan ibarətdir ki, son 20 il ərzində təkcə 2020-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmayıb. Biz orta illik qiymətə baxmalıyıq. Bəzən görürəm ki, neftin qiyməti qısa müddətə aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri dərhal narahat olurlar. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Əsas bizə vacib olan göstərici orta illik qiymətdir.
Mən isə öncədən qeyd etdiyim kimi, neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmlərini də nəzərə alsaq, bizim cari əməliyyatlar balansımız profisitlidir.
İkinci kanal büdcədir. Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir.
Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik. Yəni nə cari əməliyyatlar balansında, nə büdcədə neftin qiymətinin azalmasında böyük problem görmürük».















