Fəaliyyəti Mərkəzi Bank tərəfindən müvəqqəti dayandırılmış və müvəqqəti inzibatçı təyin edilmiş «NBC Bank» 2020-ci ilin birinci rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: 2 bank xilas ola bilər – GÖZLƏMƏK LAZIMDIR
FED.az xəbər verir ki, 2020-ci ilin ilk 3 ayını bank cüzi zərərlə, amma aktivlərin artımı ilə başa vurub, bankın cəmi kapitalı isə demək olar ki, dəyişmədən 58 milyon manatdan yüksəkdir.
1-ci rübdə bankın faiz gəlirləri 3,4 dəfə azalaraq 19,4 milyon manatan 5,7 milyon manata enib.
Bankın faiz xərcləri isə 3,8 dəfə azalaraq 15,3 milyon manatdan 4,1 milyon manata enib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6 dəfəyə yaxın azalaraq 4,6 milyon manatdan 800 min manata düşüb. Qeyri-faiz xərcləri isə 3,4 dəfə azalaraq 9,1 milyon manatdan 2,7 milyon manata enib.
Nəticədə bank rübü 198 min manat əməliyyat zərərilə başa vurub. Mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına ayrılan 153 min manatı da nəzərə alanda rüb ərzində bankın xalis zərəri 350 min manatdır.
Bu dövrdə “NBC bank”ın aktivləri 2 milyon manat və ya 0,6% artaqaq 322,6 milyon manatdan 324,7 milyon manata yüksəlib.
Müştərilərə verilən kreditlərin həcmi demək olar ki, dəyişməz qalıb 229,1 milyon manat, xalis kreditlər 1,3 milyon manat və ya 1,3% artaraq 103,9 milyon manata yüksəlib.
1-ci rübdə bankın öhdəlikləri təqribən 1% artaraq 266 milyon manata yüksəlib, depozit portfelində isə 400 min manat və ya 0,3% azalma olaraq 142,3 milyona enib.
Bankın cəmi kapitalı rübün sonuna 58,6 milyon manat olub.
FED,az-ın bir qədər əvvəl də xəbər verdiymi kimi, «NBC Bank»ın çox işlək kredit portfeli var. Hər halda hesabatdan məlum olur ki, bankın kreditlərinin 91%-i cari vəziyyətdədir. Uzun müddət vaxtı keçən kreditlərin payı 3-4% ətrafındadır.
Qeyd etmək lazımdır ki, hazırda «NBC Bank»ın kredit portfelinin hesabatda göstərilən vəziyyəti (böyük ehtimalla bu hesabat reallığı əks etdirir, çünki hazırda bankda AMb-nin inzibatçıları onsuz da hər şeyi yoxlaya bilirlər) lisenziyası qüvvədə olan bəzi bankların portfelindən daha yaxşı vəziyyətdədir.
Şübhə doğuran yeganə məqam, kredit və depozit portfelinin ilin əvvəlindən bəri - 3 ay ərzində demək olar ki, dəyişməməsidir. Adətən belə hal o vaxt baş verir ki, banka əmanət qəbul etmək və kredit ayırmaq qadağan edilsin. Amma bu barədə məlumat veilməyib.