Estoniya bank sektorunda Azərbaycana əməkdaşlıq qurmağı təklif edir. Bu barədə Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb bəyan edib.
“Biz bank sektorunda da əməkdaşlıq qura bilərik. Bu sahə Estoniyada kifayət qədər inkişaf edib. Düzdür, Azərbaycanın bank sektoru ilə tanış deyiləm, lakin deyə bilərəm ki, Estoniyada bu sahə İT texnologiyaların aparıcı qüvvəsidir. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialımız var”, - deyə M.Korb „İnterfaks-Azərbaycan“ agentliyinə müsahibəsində bildirib.
O, İT texnologiyalar sahəsində Bakı ilə Tallin arasında əməkdaşlığı yüksək qiymətləndirib.
„Bu gün biz İT sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Yalnız bununla kifayətlənmək istəmirik. Kənd təsərrüfatı, maşınqayırma, energetika, logistika sahələrində əlaqələrin inkişafında maraqlıyıq“, - deyə o vurğulayıb.
Nazir xatırladıb ki, aprelin 7-də Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair əməkdaşlığın müxtəlif sahələrini əhatə edən protokol imzalanıb.
“Komissiyanın yekunlarına dair protokol imzalandı. Sənəddə müxtəlif maddələr var. Konkret olaraq, onlar praktiki əhəmiyyət daşıyırlar. Misal üçün, ASK və ya mallar və ərzaqa nəzarət sahəsində həll olunmayan məsələlər var. Yəni, gələcək 2 il ərzində Komissiyanın növbəti iclasına qədər həll etmək üçün kifayət qədər məsələ var”, - deyə estoniyalı nazir qeyd edib.
M.Korb ilə müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq mümkündür.
İnterfax©