Son bir ildə Naxçıvan Muxtar Respublikasında (MR) verilən kreditlərin həcmi 2% artıb. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan
MR İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin məlumatında bildirilir.
Məlumatda görə, Naxçıvan Muxtar Respublikasında (MR) banklar və kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 1 oktyabr 2018-ci il tarixə 106 milyon 297 min manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 982 min manat artıb.
Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranması baxımından əhəmiyyətli olub.
Bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilıb ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir.
Verilmiş kreditlərin
4 milyon 530 min manatı kənd təsərrüfatı,
5 milyon 172 min manatı sənaye,
670 min manatı tikinti,
1 milyon 830 min manatı kommersiya,
521 min manatı nəqliyyat, rabitə və informasiya,
15 min manatı balıqyetişdirmə sahəsinə,
2 milyon 970 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə,
23 milyon 723 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilıb.
Bundan başqa, kredit təşkilatları tərəfindən 128 fiziki və hüquqi şəxsə 3 milyon 115 min 600 manat dəyərində kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Yanvar-sentyabr aylarında banklara 34 milyon 548 min manat kredit borcu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən isə 2 milyon 961 min manat vaxtı keçmiş kredit borcları qaytarılıb.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmiş, 2 min 299 hüquqi, 76 min 633 fiziki şəxs olmaqla, 78 min 932 müştəriyə xidmət göstərilıb.
Xidmət olunan hesabların 69 min 309-u işlək hesab olub ki, onların 1539-u hüquqi, 67 min 770-i fiziki şəxsdir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 86 hüquqi, 13 min 486 fiziki şəxs olmaqla, 13 min 572 müştəriyə yeni bank hesabı açılıb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və Mərkəzi Bankın ehtiyat fondundan dövriyyəyə buraxılan nağd pul kütləsinin artım tempinin aşağı salınması istiqamətində də işlər davam etdirilib. Ötən dövrdə bankların kassa mədaxili 373 milyon 852 min manat, kassa məxarici isə 526 milyon 805 min manat olub.
Muxtar respublika üzrə bankların kassa məxaricinin kassa mədaxilində xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz azalmış, emissiya 29 faiz olub. Həmçinin bu dövrdə Mərkəzi Bankın ehtiyat fondundan 239 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılıb.
2018-ci il oktyabrın 1-nə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 655 min manat olub ki, bunun da 5 milyon 172 min manatını milli valyutada, 1 milyon 483 min manatını isə xarici valyutada olan əmanətlər təşkil edir. Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 643 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 1 milyon 7 min manat azalma müşahidə edilməkdədir. “Bu isə öz növbəsində, əhalinin manata qarşı olan inamının əsas göstəricisidir”-deyə məlumatda bildirilir.
Vətəndaşlara müasir bank xidmətinin göstərilməsi məqsədilə muxtar respublikada 5 yeni bankomat quraşdırılmış, 55-i Naxçıvan şəhərində, 54-ü isə rayon və kənd mərkəzlərində olmaqla, bankomatların sayı 109-a, ödəniş terminallarının sayı isə 23-ə çatdırılıb. Ödəniş terminallarında smarttipli kartların xidmət haqlarının ödənilməsi funksiyası aktiv edilib.
Muxtar respublikada ödəniş kartlarının sayında da artım müşahidə edilib. Belə ki, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 257 min 409 idisə, hazırda elektron ödəniş kartı alanların sayı 269 min 304-ə çatıb.