Azərbaycanda yerli şirkətlərin korporativ stili ilə bağlı materiallar çərçivəsində «FED.az Style» ölkənin aparıcı banklarından biri olan «Unibank»ın «dres kod»unu təqdim edir.
Bir qədər əvvəl Azərbaycanda keçirilən Gizli müştəri araşdırmasına görə, ölkədə əməkdaşları «dres kod»a ən ciddi əməl edən iki bankdan biri «Unibank» idi.
Bankdan FED.az-a verilən məlumata görə, «Unibank»da əməkdaşların geyimi bankın Geyim Məcəlləsi (belə məcəllə də var) ilə tənzimlənir. Məcəlləyə görə, «Unibank»da 3 geyim üslubu var:
1. Rəsmi işgüzar üslüb
2. Yarı işgüzar üslub
3. Sərbəst üslub.
Rəsmi işgüzar üslub
Rəsmi işgüzar üslub sırf bankın stilini və eyni zamanda işgüzar tələbləri özündə əks etdirir. Belə ki, qadınlar üçün bu stil - ağ (açıq mavi) göynək, qara şalvar (yubka), qadınların boğazında bankın rəngində narıncı şərf deməkdir.
Kişilərdə isə eyni stilli kostyum və narıncı qalstuk. Yeri gəlmişkən, «Unibank»da görməyə adət etdiyimiz narıncı rəng əsasən pərakəndə bölümün (əhali ilə işləyən bölmənin) rəngi sayılır.
Korporotiv (şirkətlərlə işləyən) bölümün əməkdaşları isə bordo rəngdə qalstuk-şərf taxırlar.
Rəsmi işgüzar üslubda bankın ön ofis işçiləri, yəni müştərilərlə birbaşa işləyən, onlara xidmət göstərən əməkdaşlar geyinirlər.
Onlar əsasən bankın filiallarında müştərilərə xidmət göstərən kredit mütəxəssisləri, əməliyyatçılar, kassa əməkdaşlarıdır: «Rəsmi üslub Bank komandasının işgüzarlıq, nüfuzluluq, ciddilik və etibarlılıq kimi keyfiyyətlərini vurğulayır»-deyə bankdan bildirilib.
Yarı işgüzar üslub
Yarı işgüzar üslubda bankın müştərilərlə birbaşa işləməyən əməkdaşları – arxa ofis işçiləri geyinir. Geyim tərzin tam ciddi olması tələb edilməsə də, işgüzarlıq meyarlarına mütləq qaydada riayət edilməlidir.
Sərbəst geyim üslubu
Sərbəst geyim üslubu bəzi şöbə və departamentlərin əməkdaşlarına şamil edilir. Bura İT, təhlükəsizlik bölümünün əməkdaşları, inkassatorlar, sürücülər daxildir.
Hər həftənin 5-ci günü Baş ofis əməkdaşları üçün sərbəst geyim günü olduğundan (Müştərilərə Xidmət Departamenti istisna olmaqla), onlar sərbəst geyim üslubunda işə gələ bilərlər.
Geyim vəzifədən asılı deyil
«Unibank»ın «dres kod»unda maraqlı detal – geyimə tələblər bankın sıravi işçisindən rəhbərlərədək hamıya aiddir. Sadəcə rəhbərlər də arxa ofis işçiləri olduğundan yarıişgüzar geyinirlər.
«Unibank»ın «dres kod»undakı qadağalar
Bütün geyim stillərində özünəməxsus qadağalar var. Bunlar əslində geniş yayılan məqamlardır. Məsələn,
Biznes Formal üslubunda Qadağandır:
- Parlaq, ilməli (toxunma) və şəffaf parçadan geyimlər;
- Cins və dəri geyimlər/işləmələr;
- Dərin və açıq dekolte;
- Çox qısa ətək;
- Rəngarəng və allı-güllü geyimlər;
- Qeyri-korporativ rəngli qalstuklar (kişilər üçün) və qeyri-korporativ yaylıqlar (qadınlar üçün);
- Vyetnamka, sabo, sandalilər, baletka, sport ayaqqabılar, həddən artıq bəzəkli ayaqqabılar, - Iri aksesuarlar
- Parlaq makiyaj;
- Uzun dırnaqlar və naxışlı, rəsmli manikür; Səliqəsiz saç düzümləri;
Semi Formal üslubunda Qadağandır:
- Parlaq və şəffaf parçadan geyimlər;
- Rəngarəng və allı-güllü geyimlər;
- Cins və dəri geyimlər;
- Çox qısa ətək;
- Emblemlər, yazılar və şəkillər olan geyimlər/aksesuarlar;
- Çəkmə, vyetnamka, sabo, sandalilər, həddən artıq bəzəkli və sport ayaqqabılar;
- Səliqəsiz saçlar, qeyri adi saç rəngi və modeli;
Sərbəst üslubda qadağandır:
- Yazılar və şəkillər olan geyimlər/aksesuarlar;
- Dərin və açıq dekolte;
- Çəkmə, vyetnamka, sabo, idman üslubunda olan kobud ayaqqabılar, həddən artıq bəzəkli ayaqqabılar; -Rəngarəng və allı-güllü geyimlər;
- Qeyri adi saç rəngi və modeli.
Narıncı qalstuklar və yarırəsmi stil - «UNİBANK»DA NECƏ GEYİNİRLƏR - STYLE
17:35
2 Avq 2019