Xəbər verildiyi kimi, iyulun 31-də prezident İlham Əliyevin yanında sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə nağdsız ödənişlərin az olması da müzakirə edilib.
Eləcə də bax: «Bank hesabına 30 min manatlıq limit ləğv edilməlidir» - YENİ TƏKLİFLƏR – MÜSAHİBƏ
FED.az xəbər verir ki, müşavirədə dövlət başçısı nağdsız ödənişlərin ümumi həcminin Azərbaycanda 2 milyard 300 milyon dollar olmasından narazı qalıb və bu göstəricinin artması üçün tapşırıqlar verib: «Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır».
Eləcə də bax: Yeni kassaların pulunu kim verəcək – SAHİBKAR, YOXSA DÖVLƏT? – RƏSMİ İZAH
Nağdsız ödənişlərdə tətbiq olunan rüsumlar minimuma endirilməlidir
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması və nağd ödənişlərin məhdudlaşdırılması ilə bağlı müxtəlif addımlar atılıb:“Məsələn, dövlət rüsumlarını nağd formada ödəmək mümkün deyil, nağdsız ödənişlər zamanı ödəyicilərə müxtəlif bonuslar hesablanır, ödənən məbləğin bir hissəsinin vergi məcəlləsi ilə geri qaytarılması nəzərdə tutulur”.
Ödəniş vasitələri kimi ölkədə onlayn ödəniş portallarının mövcud olduğunu xatırladan deputat hazırda əhalinin hər 1000 nəfərindən 600 nəfərində ödəniş kartı olduğunu qeyd edib. Amma ölkədə hər 10000 nəfərə 65 posterminalın düşdüyünü deyən T.Mirkişili hesab edir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı göstəricidir.
Azərbaycanda kart vasitəsilə aparılan əməliyyatların 77 faizi pulun nağdlaşdırılması ilə bağlıdır. Bu, neqativ göstəricidir. Nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması üçün bir sıra addımların atılması vacibdir. Düşünürəm ki, ilk növbədə posterminalların sayı artırılmalı, hər yerdə kartla ödəniş mümkün olmalıdır. Nağdsız ödənişlərdə tətbiq olunan rüsumlar minimuma endirilməli, daha çox stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Müasir ödəmə texnologiyalarının tətbiqini stimullaşdırmaqla smartfonlar vasitəsilə ödənişi yaymaq mümkündür, düşünürəm, bu üsul daha ucuz və daha rahatdır”, – deyə deputat bildirib. O əlavə edib ki, insanların nağd pul ilə davranışlarını daha dərindən təhlil edib, bu davranışların dəyişdirilməsi üçün banklar tərəfindən də kompleks tədbirlərin görülməsi vacibdir.
«Maliyyə Palatası, Mərkəzi Bank və digər qurumlar səbəbini çox yaxşı bilir»
Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə qeyd edib ki, nağdsız hesablaşmaların aşağı səviyyədə olmasının səbəblərini Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumlar çox yaxşı bilir. O bildirib ki, əsas problemlər ölkədə mövcud olan konservativ maliyyə-bank siyasəti ilə bağlıdır: “Elə bu günlərdə rastlaşdığım situasiya məni nağd əməliyyat aparmağa vadar edib. Sığorta xidməti üçün kartla ödəniş etmək istədim. Məlumat verildi ki, kartla ödəsəm, müştərisi olduğum bank 3 faiz əlavə rüsum tutacaq. Ona görə də nağd ödəməyə üstünlük verdim”.
Əsas problem konservativ maliyyə-bank siyasəti ilə bağlıdır
Bu cür problemlərin əksər xidmət sahələrində mövcud olduğunu deyən ekspert həmin rüsumları bankların müəyyənləşdirdiyini qeyd edib: “Dünya təcrübəsi göstərir ki nağdsız hesablaşmaları artırmaq üçün stimullaşdırma çox vacibdir. Azərbaycanda isə bu sahədə bir sıra addımlar atılsa da, kifayət etmir. Bəzən isə bunun tam əksini görürük. Məsələn, sizin bankdakı VÖEN hesabınıza vəsait daxil olub. Təbii ki, siz bu vəsaiti banka getmədən kart hesanıbıza köçürüb nağdsız istifadə etmək istəyəcəksiniz. Təsəvvür edin ki indiki halda bu mümkünsüzdür. Mövcud tənzimləmə bu vəsaiti mütləq şəkildə nağdlaşdırmağa vadar edir. Bunun üçün mütləq banka gedib vəsaiti nağdlaşdırmalı, sonra karta köçürmə edə bilərsiniz. İzahı olmayan vəziyyətdir. Səbəb isə nağdlaşdırma ilə bağlı 1 faizlik verginin mövcud olmasıdır”.
“Elektron pul, mobil pul kisəsinin tətbiqində çox geriləyirik”
Ekspertin sözlərinə görə, əksər qonşu ölkələrdə mobil telefon vasitəsilə təmassız ödəməni nəzərdə tutan NFC texnologiyası tətbiq olunur: “Bu, nağdsız ödənişləri stimullaşdıran, təşviq edən ən maraqlı texnoloji həllərdən biridir. Bu mənada Azərbaycanda telefondan istifadəyə maraq yüksək səviyyədə olsa da, bu sistem tətbiq olunmur. Mobil operatorlar nə qədər buna cəhd etsələr də, konservativ bank siyasətimiz hələlik buna imkan vermir. Halbuki bunun tətbiqi nağdsız ödənişlərdə çox böyük dəyişiklik yarada bilər”.
Osman Gündüz hesab edir ki, ödənişlər üçün QR kod texnologiyasından istifadəyə imkan yaradılmalı, nağdsız ödənişə imkan verən xidmətlərin sayı artırılmalıdır: “2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı qəbul edilib. Lakin bu sahədə işlər çox ləng gedir. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlar yeni maliyyə texnologiyalarının və İT-nin tətbiqi sahəsində tez-tez müzakirələr aparsalar da, proses sürətlənmir. Ona görə də rəqəmsal bankçılıq, rəqəmsal ödəniş infrastruktu və rəqəmsal ödəniş texnologiyalarının tətbiq sahəsində vəziyyəti yaxşı hesab etmək olmaz”.
Ekspert əlavə edib ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət başçısının iradlarından nəticə çıxarmalıdır.
Yüksək cərimələr tətbiq edilməli, bank faizlərinə limit qoyulmalıdır
FED.az biznes və maliyyə portalı nağdsız hesablaşmaların artırılması üçün bir sıra sərt tədbirlərin görülməsini təklif edir.
Belə ki, obyektlərdə posterminalların olmaması və ya işlək vəziyyətdə olmamasına görə yüksək cərimələr tətbiq edilməlidir. Əlində kart olan bütün istifadəçilər ödənişi bu vasitə ilə etmək imkanına malik olmalıdırlar. Bu cərimələrin məbləği kassa çekinin vurulmamasına görə, cərimələrdən aşağı olmamalıdır.
Bundan başqa, posterminalla həddən artıq məbləğdə ödənişlərin obyekt sahibləri üçün də zərərli olduğunu zərərə alaraq nağd ödənişinə icazə verilən maksimum məbləğ müəyyən edilməlidir (məsələn Türkiyə kurortlarında bu məbləğ 10 lirəyə qədərdir, adətən bu məbləğə qədər ödənişləri nağd ödəyirlər).
Banklar iş adamlarına posterminalları bir neçə aylıq kreditlə satmalıdırlar.
Posteminalla tranzaksiya xərclərinə limit qoyulmalı, ya da bununula bağlı dövlətin ödəniş sisteminin imkanları artırılmalıdır.
Bütün banklara tapşırıq verilməlidir ki, VÖEN-i olan şəxslərin bank hesabının kartla əlaqələndirilməsi imkanı yaradılsın.
Ayrı-ayrı bankların kartlarından istifadə və kart köçürmələri üzrə xidmət haqlarının faizlərinə limit qoyulsun.
Mənbə: FED.az, TED.az
Nağd ödənişləri necə azaltmaq olar? –EKSPERTLƏRDƏN TƏKLIFLƏR
11:08
3 Avq 2019