Azərbaycanda sahibkar-bank münasibətləri və nağdsız əməliyyatlar sahəsində vəziyyət necədir və problemlərdən çıxış yolları hansılardır?
FED.az saytı MKS.az saytının rəhbəri, vergi eksperti Anar Bayramovla «ASAN Radio»nın «Sahibkar vaxtı» verilişində yayımlanmış söhbəti təqdim edir.
Veriliş Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və «ASAN Radio»nun birgə layihəsidir.
- Anar müəllim, bilirsiniz ki, bu ilin əvvəlindən vergi qanunvericiliyinə müəyyən dəyişikliklər və əlavələr edildi və nəzarət tədbirləri gücləndirildi. Məntiqlə bu addım dövriyyənin leqallaşmasına, şəffaflaşmasına səbəb olmalı idi. Siz prosesi izləyirsiniz, dəyişiklik hiss olunurmu?
- Təbii ki, yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklər dövriyyənin kifayət qədər leqallaşmasına səbəb oldu. Bunun ən böyük səbəblərindən biri o idi ki, 2018-ci il keçid ili elan edilmişdi və əvvəlcədən 2019-cu ildə leqallaşmanın olacağı ilə bağlı anonslar verilmişdi. Nəticə etibarı ilə vergi yoxlamalarının azalması – olduqca diqqətçəkən məqamdır ki, yoxlamaların sayı 30% azalıb - vergi ödəyicilərində inam yaratdı. Bu da istər uçotun düzgün təşkil olunmasına, istərsə də dövriyyənin hesabatlarda düzgün əks olunmasına öz müsbət təsirini göstərdi.
- Burada əsas maraqlı elementlərdən biri də bu ildən hamının gözlədiyi sahibkarların bütün dövriyyəsinin maksimum nağdsız ödəmələrə keçirilməsi və nağd pul dövriyyəsinin sahibkarlar arasında azaldılmasıdır. Buna nail olmaq mümkün oldumu?
Ümumiyyətlə, indi nağdsız ödənişlərə nəzarət tədbirləri ilə yanaşı, infrastruktur da inkişaf etdirilir, pos-terminalların əhatəsi dairəsi artırılır ki, insanlara daha rahat olsun. Sahibkarlar indi nağdsız ödənişlərə nə qədər həvəslidir ki pos-terminallardan istifadə eləsinlər və pullarını banklarda saxlasınlar?
- “Nağdsız hesablaşmalar haqqında” qanun 1 yanvar 2017-ci ildən qüvvədədir. Qanunda nağd hesablaşmalara nəzarət üsulları və nağdsız ödənişlərin həvəsləndirilməsi ilə bağlı müddəalar var. Həvəsləndirmə özünü 1 yanvar 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə də göstərdi. POS terminallarla ödəniş edən istehakçılara ƏDV-nin geri qaytarılması, fiziki və hüquqi şəxslərin müvafiq olaraq gəlir və mənfəət vergisinin müəyyən faizini geri almaq imkanı, həmçinin sadələşdirilmiş vergi ödəyicilərinin dövriyyəsinin POS terminallardan ödənmiş xüsusi çəkiyə görə verginin azaldılması nəzərdə tutulub. Amma “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqindən, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra nağdsız dövriyyə ilə bağlı artım - əgər bu, baş versəydi, səyyar yoxlamanın azaldığını hiss etdiyimiz kimi onu da görə bilərdik - olmadı.
- Deməli gözlənildiyi kimi artım olmadı?
- Bəli, gözlənilən artım qeydə alınmadı.
- Anar müəllim, nağdsız ödənişləri artırmaq üçün dünyada müxtəlif üsullardan istifadə olunur. Bizdə sahibkarların nağdsız ödənişlərə marağını artırmaq üçün hansı addımlar atılsa, daha yaxşı olar?
- Əvvəlki dövrlərdə sahibkar leqallaşdırmaya meylli deyildi. Nağd ödəmələrə daha çox üstünlük verirdi və dolayısı ilə vergidən yayınırdı. Bu ildən etibarən dediyimiz kimi islahatlar aparıldı, leqallaşdırılma ilə bağlı çox işlər görüldü. O zaman belə haqlı sual yaranır ki niyə vergi ödəyiciləri tərəfindən nağdsız hesablaşmalara üstünlük verilmir? Gəlin, məsələyə sahibkarın mövqeyindən yanaşaq, onu başa düşməyə çalışaq. Əvvəla, sahibkarların banklara inamı yoxdur, bu inam qaytarılmalıdır. Xatırlayırsınızsa, 2015-ci ildən sonra bir neçə bank bağlandı, sahibkarların cari hesablarındakı vəsait həmin banklarda batdı və onlar öz vəsaitlərini ala bilmədilər. Məsələn, “Standart Bank”da milyonlarla vəsait batdı. Elə şirkətlər var ki, onların 30-40 milyon vəsaiti qaytarılmadı.
- Bu əmanət deyildi, yəni, cari hesab idi?
- Bəli, cari hesablarda olan vəsaitlərdən söhbət gedir. Sahibkar iş görüb, məhsul satıb, xidmət göstərib və bunun müqabilində əldə etdiyi gəlir cari hesabına köçürülüb. “Banklar haqqında” qanunun 82-ci maddəsində təsbit olunan növbəlilik prinsipinə görə sahibkarların cari hesablardakı vəsaitlərinin qaytarılması 7-8-ci sıralardadır. Birinci depozitlər qayıdır, sonra əmanətlərin sığortalanması fondunun işçilərinin əməkhaqqıları verilir, və sair. Bu tip ödəmələr edildikdən sonra pul qalarsa, vergi ödəyicisinin cari hesablarındakı vəsaitlər geri ödənilir. Vergi ödəyicisi bunu depozit kimi qoymayıb, hansısa bir əlavə vəsait kimi qoymayıb, öz cari hesabıdır ki burdan mal, xidmət satışına görə qazanc əldə edib. Və indi o vəsait hesabına işçilərinin əməkhaqqını ödəməlidir, digər xərclərini bağlamalıdır və sair.
- Bir şeyi qeyd edim, bəlkə də bir az kobud çıxacaq, amma fikrimcə, əmanətçinin vəsaitindən çox vergi ödəyicisinin vəsaiti qiymətlidir. Əmanətçinin vəsaiti bir şəxsə məxsusudur, vergi ödəyicisinin vəsaiti isə iqtisadiyyata qoyulan, dövriyyədə olan puldur, onun bir neçə nəfər işçisi var, onlara maaş verir, iqtisadiyyata dəyər qatır. İndi siz təklif edirsiniz ki, bu vəsaitlərin qaytarılması növbəsi qanunda 8-ci olmasın, irəli çəkilsin?
- Bəli, irəli çəkilsin və vergi ödəyicisi əmin olsun ki nağdsız hesablaşmalar təhlükəsizdir, onun hesabında olan vəsait qorunur, dövlət hansısa formada zəmanət verir ki, problem olduğu təqdirdə, vəsait sahibkara qaytarılacaq.
- Amma artıq banklar əvvəlkindən daha güclüdür.
- Bəli, güclüdürlər, amma risk yenə də var. Ancaq əvvəlki inamı qaytarmaq üçün məncə o maddədə dəyişiklik edilməlidir. Digər məsələ kartların təhlükəsizliyi ilə bağlıdır.
- Bu sahədə hansı problem var?
- İnternet üzərindən alış-veriş edəndə, bəzən kartımızdan hansısa bir göstəricini əldə edib saytlar vasitəsi ilə pulumuzu çəkə bilirlər. Bu risk hələ də qalır. Bu baxımdan kartlardakı pullar yaxşı qorunmur. Ölkədə cəmi bir neçə bank hakerlərin kartdan oğurlayacağı vəsaitin geri qaytarılmasına təminat verir.
- Götürək elə mənim kartımı, Beynəlxalq Bankın kartıdır, 3D security sisteminə qoşulub, mən kartı itirsəm və kimsə tapıb əməliyyat etsə. ondan 3D kod tələb olunacaq. Amma kod mənim telefonuma gəlir.
- Doğrudur, amma elə proqramlar və saytlar var ki, onlar vasitəsi ilə əməliyyat edəndə 3D security tətbiqinin təsdiqinə ehtiyac duyulmur. Belə deyək, beynəlxalq təcrübədə bu tətbiqdən elə də istifadə olunmur. Əksər saytlarda əməliyyat aparanda hər hansı SMS gəlməsinə də ehtiyac qalmır. Bu cür risklər var.
- Siz bununla bağlı nə təklif edirsiniz?
- Təklifim odur ki, Mərkəzi Bank sertifikatlaşma ilə bağlı bankların üzərində daha ciddi tələblər qoysun. Vətəndaş da əmin olsun ki, onun kart hesabındakı vəsait gələcəkdə hər hansı bir hakerin əməliyyatı nəticəsində itməyəcək.
- Anar müəllim, bəzən mühasiblər bank ödənişlərinin vaxtında icra olunmamasından şikayətlənirlər.
- Bu, həqiqətdir. Təklif edirəm ki, banklar ödəniş tapşırıqlarının icrasını sürətlə həyata keçirsinlər. Sahibkar maraqlıdır ki, onun sərbəst vəsaiti olsun, dövriyyə vəsaitlərindən daha çevik və səmərəli istifadə edə bilsin. Sahibkar baxır ki, mal alıb satanda, nağd ödəniş daha faydalıdır, bank vasitəsi ilə ödəniş edildikdə bu proses uzun çəkir, ona görə də nağd ödənişə üstünlük verir. Bəzi banklarda ödəmələr sürətlə icra olunsa da, ləngimələr olan banklar da az deyil. Hesab edirəm ki, qanunvericilikdə köçürmələrin vaxtı ilə bağlı konkret müddət qoyulmalı, müəyyən edilmiş vaxt ötərsə, vergi ödəyicisinə üstünlük verən hüquqlar təsbit olunmalıdır. Tutaq ki 1 gün ərzində pul köçürülməyibsə, vergi ödəyicisinə banka qarşı iddia qaldırmaq hüququ verilməlidir.
- Tutaq ki vergi ödəyicisi deyir ki, mən bankdan ödəniş edirəm. Nağdsız ödəniş edirəm, amma mənim ödənişim vaxtında ödənilməlidir. Adətən belə olanda hansı müddət qoyulur?
- Bu, banklardan asılıdır, bəzi banklarda daha operativ olur, bankların qoşulduğu sistemdən də çox şey asılıdır. Eyni bankın filialları daxilində olan ödənişlər daha tez icra olunur, amma bir bankdan digərinə ödəniş ediləndə müddət uzanır.
- Siz təklif edirsiniz ki, bu proses 1 gün çəksin?
- Maksimum 1 gün çəksin, yaxşı olar ki, ödənişlərin aparılması daha qısa müddətdə həyata keçirilsin.
- Kiçik və orta biznes üçün tələblər var ki, onlar bütün ödənişləri POST terminallar vasitəsi ilə həyata keçirməlidirlər? Sizcə praktiki olaraq bunu etmək mümkündürmü?
- Bəli, mümkündür. Əvvəlcə nağdsız dövriyyə ilə bağlı bir məsələni qeyd edim, sonra POS terminallar barədə məlumat verərəm. «Nağdsız hesablaşmalar haqqında» qanunda müəyyən limitlər müəyyənləşdirilib. ƏDV ödəyiciləri, ardıcıl 12 aylıq dövriyyəsi 200 mindən yuxarı olan ticarət obyektləri, ictimai iaşə müəssisələri bir ay ərzində 30 min manatdan çox nağd əməliyyat apara bilməzlər.
- Deməli, bankdan 30 min manat çıxarmaq mümkündür?
- Xeyr, qanunda “pul çıxarmaq” ifadəsi yoxdur, kassa üzərindən 30 min əməliyyat aparılma var. Amma banklara verilən tapşırığa görə ayda 30 mindən artıq pul çıxarılmasına, digər sahibkarlıq obyektləri, vergi ödəyiciləri üçün isə 15 min manatdan çox nağdlaşdırmaya icazə verilmir.
- Əslində bu qayda pis deyil. Çünki sahibkara limit qoyur, sui-istifadənin qarşısını alır.
- Müəyyən mənada alır, düzdür. Amma sahibkarlar vəziyyətdən çıxış yolu tapıblar. Sahibkara böyük məbləğdə ödəniş olunanda, çoxlu vergi ödəyiciləri yaratmaqla və vəsaiti parçalamaqla onu nağdlaşdırırlar. Nəticədə imiti qorumaq şərti ilə vəsaiti çıxara bilirlər. Təklif edirəm, «Nağdsız hesablaşmalar haqqında» qanuna müəyyən dəyişikliklər edilsin, tərəflərin hər ikisi vergi ödəyicisidirsə - fərqi yoxdur, hüquqi və ya fiziki şəxs – onlar arasında müəyyən bir limit olsun. Bu limit 1000 manat da ola bilər, 2000 manat da. Bu limitdən yuxarı olan ödənişlərin cəmi məbləği, məsələn 3 müqavilə üzrə min manatı keçirsə, ödənişlərə avtomatik olaraq nağdsız ödəniş tələbi qoyulsun. İndiki qanunun tələbindən fərqli olaraq təklif edirəm ki, cərimə hər iki tərəfə tətbiq olunsun – həm satıcıya, həm də alıcıya. Hazırda yalnız satıcı üçün cəza nəzərdə tutulub.
- Niyə cərimə həm satıcıya, həm də alıcıya tətbiq olunmalıdır?
- Ona görə ki, alıcı maliyyə sanksiyasından qorxaraq nağd ödənişdən imtina etsin. Bunun nəticəsində vergi ödəyicisi maraqlı olacaq ki, kassasında yox, bank hesabında vəsaiti çox olsun. Çünki hər şeyi nağdsız almalı olacaq. Qayıdaq POS terminallar məsələsinə. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda 66 mindən çox POS terminal quraşdırılıb. Onun 40 mindən yuxarısı Bakıda, qalan hissəsi isə regionlardadır. Amma vergi ödəyicilərinin sayı artıq 1 milyona yaxındır. Təbii ki vergi ödəyicilərinin aktiv olmayanı da var, amma bütün hallarda POS terminalların sayı ilə aktiv vergi ödəyicilərinin sayı arasında böyük uyğunsuzluq müşahidə olunur. Hazırda bu məsələdə maraqlı 3 tərəf var: Birincisi bank, ikincisi sahibkar, üçüncüsü də dövlət. Ancaq mən deyərdim ki, daha çox istehlakçı maraqlı olmalıdır.
Banklar POS terminalları alır, sahibkarlara verir. Bu da 500- 1000 manata başa gəlir, sonra bank müəyyən komissiya haqları tutur. Kiçik müəssisələrdə bu dövriyyələr az olduğuna görə prosesdə ləngimələr yaranır və həmin avadanlığın dəyərinin daha gec müddətə ödənilməsi baş verir. Sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlarla bağlı məsələ odur ki, onlar dövriyyədən 2 faiz vergi verir, nağdlaşdırmaya görə 1 faiz vergi və 0.5 faiz bank komissiya haqqı ödəyirlər. 1000 manatlıq əməliyyatı nağd yox, POS-terminalla aparırsa bu zaman əlavə 35 manat xərci çıxır, amma nəzərə alsaq ki banka gedir, növbə tutur,proses də daha uzun çəkir.
- Amma vəsaiti nağdlaşdırmasa, 20 manata düşür? Yəni vəsait bankda qalsa, köçürmə ilə ödəsə, xərci az olacaq.
- Bəli, ümumi olaraq 20 manat təşkil edəcək. Biz çox istəyərdik ki banklar bu istiqamətdə yeniliklər tətbiq etsin. Məsələn, banklar kartlara taksitli ödəmə sistemi tətbiq edə bilər ki, istehlakçını stimullaşdırsın, ödəniş bir dəfəyə olunmasın, bir neçə dəfəyə həyata keçirilsin ki, digər vəsaitini başqa xərclərinə yönəldə bilsin. Bu sahədə bankların müəyyən islahatlar aparması, taksit kartları təklif etməsi vacibdir. Biz çox səbirsizliklə Vergilər Nazirliyinin istehlakçılara ƏDV-nin qaytarılması mexanizmini işlək vəziyyətə gətirməsini gözləyirik.
- Bu daha fikrimcə, prosesə çox təkan verəcək...
- Bəli, insanlar istəyəcək ki ödənişləri POS terminallar vasitəsi ilə etsinlər ki, ödədikləri ƏDV-ni geri ala bilsinlər.
- Çox kiçik məbləğdə əməliyyatlar aparan kiçik sahibkarlar var, onların dövriyyələri 3-5 manatlıq məbləğlərdən toplanır. Nağdsız ödənişlərlə bağlı tələblər onlara da şamil olunur, nağd əməliyyat aparsalar, cərimələnəcəklər. Bununla bağlı hər hansı təklifləriniz varmı? Ola bilər ki limit qoyulsun lap kiçik məbləğə görə böyük cərimələr tətbiq edilməsin?
- Nazirlər Kabinetinin pos terminalla bağlı qərarında qeyd edilir ki, bir rüb ərzində 2 000 manatdan çox dövriyyəsi olanlar pos terminal tətbiq etməlidirlər. Amma Qazaxıstan və Rusiya təcrübəsində tamam fərqlidir. Onlarda müəyyən sahələr var. Məsələn kinoteatrlarda, əyləncə məkanlarında, aviaşirkətlərdə dövriyyədən asılı olmayaraq POS terminalların tətbiqi məcburidir. Çünki saydığım sahələrin xidmətlərindən turistlər çox istifadə edir, istehlakçılar nağdsız ödəməyə meyllidirlər. Rusiyada aktivlərin dəyərinə görə müəyyənləşir POS terimnalların tətbiqi. Kiçik müəssisələrdə POS terminal olması məcburi deyil. Həm Qazaxıstanda, həm də Rusiyada nağd ödənişlərə görə müəyyən cərimələr nəzərdə tutulub. Amma qonşu Türkiyədə, hansı ki səfərimiz zamanı daha çox POS terminaldan istifadə edirik, orada hər hansı cərimə nəzərdə tutulmayıb. Sonda bir təklif də vermək istəyirəm.
- Aha buyurun…
- Bizdə istər vergi, istər əmək, istərsə də sosial qanunvericilikdə yanaşmalar subyektlərə görə eynidir, yəni mikro, orta, kiçik və iri sahibkarlıq subyektlərinə yanaşmalar demək olar ki fərqlənmir. Müəyyən istisnalar var, məsələn mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizinə güzəşt tətbiq olunur, əsas vəsiatlərə amortizasiya hesablanmasında və əmlak vergisində güzəştlər var. Amma uçotun aparılması və maliyyə sanksiyasının tətbiqi baxımından hər hansı bir fərq qoyulmur.
- Yəni böyük sahibkar da, kiçik sahibkar da eyni cəriməni ödəyir?
- Bəli, hər ikisi eyni məbləğdə cəriməni ödəyir. Sizə sadə bir misal deyim. Tutaq ki adi bir bərbər saçını kəsdiyi müştəriyə 5 manatlıq qəbzi vermirsə,
1000 manatlıq cərimə edilir. İri sahibkar da nağd hesablaşma qaydalarını pozmağa görə birinci dəfə üçün 1000 manatlıq cərimələnir, mikro və kiçik sahibkarlar da. Bu, ədalətsizlikdir. 1000 manatlıq cərimə kiçik bir sahibkar, məsələn, bərbər üçün biznesini çökdürəcək ödənişdir. Fikrimcə yeni başlayan biznes subyektləri üçün bu məbləğdə cərimələrin tətbiqi düzgün deyil. Nəzərə alsaq ki böyük təşkilatın peşəkar mühasibləri, maliyyə departamenti olur, qanunvericiliyi daha yaxşı bilirlər, amma mikro və kiçik sahibkarlar bundan demək olar ki məhrumdurlar, hesabatlarını özləri verirlər. Əgər gələcəkdə KOBİA bu təşəbbüsü dəstəkləsə, qanunvericilikdə müvafiq dəyişikliklər aparıla bilər.
«Bank hesabına 30 min manatlıq limit ləğv edilməlidir» - YENİ TƏKLİFLƏR – MÜSAHİBƏ
15:15
11 İyul 2019