"Premium Bank" ASC cari ilin ilk yarısının yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, ilk yarım ildə hüquqi şəxs müştəriləri bankdakı vəsaitlərinin 30%-dən çoxunu geri çəkiblər.
Faiz gəlirləri və xərcləri
Hesabat dövründə Bankın cəmi faiz gəlirləri 18,1 milyon manat təşkil edib. O cümlədən kreditlərdən faiz gəlirləri 15,6 milyon manat, bank və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1,6 milyon manat olub.
Qiymətli kağızlar üzrə gəlirlər 197 min manat, digər faiz gəlirləri isə 632 min manat təşkil edib.
Bankın cəmi faiz xərcləri 5,8 milyon manat təşkil edib. Bu xərclərin 1,3 milyon manatı cəlb edilmiş kreditlərə görə ödənişlərdir. Depozitlər üzrə faizlər 4,4 milyon manat təşkil edib.
Yekunda, Bankın xalis faiz gəliri 12,4 milyon manat olub.
Bankın cəmi qeyri-faiz gəlirləri 7,7 milyon manat təşkil edib. Bunun 6,4 milyon manatı haqq və komissiya gəliridir. İlk yarım ildə "Premium Bank" xarici valyuta əməliyyatlarından 1,3 milyon manat gəlir əldə edib - bu 30%-dən çox azalmadır.
Bankın qeyri-faiz xərcləri 13,4 milyon manata bərabər olub. Bu məbləğin yarıdan coxu - 7,2 milyon manat digər xərclərin payına düşür. Əmək haqqı xərcləri 3,5 milyon manat, ümumi və inzibati xərclər isə 2,1 milyon manat təşkil edib.
Sonda "Premium Bank" dövrü 6,3 milyon manat xalis mənfəətlə başa vurub.
Hesabat dövrünün sonunda Bankın cəmi aktivləri 648,2 milyon manat, cəmi öhdəliklər 454,3 milyon manat, cəmi kapital isə 193,9 milyon manat olub.
Müştərilərə verilmiş xalis kredit portfeli 467 milyon manat olub. Bundan biznes kreditləri 356,6 milyon manat, istehlak kreditləri 44 milyon manat, əmlak kreditləri 74,8 milyon manat təşkil edib.
2025-ci ilin ilk yarısına bankın cəmi depozit portfeli 368,2 milyon manata enərək 9,6 milyon manat (2,5%) azalıb.
Fiziki şəxslərin depozitləri 311,6 milyon manata yüksələrək 19,5 milyon manat (6,7%) artsa da, hüquqi şəxslərin depozitləri isə 56,6 milyon manata düşərək 29,1 milyon manat (33,9%) azalıb.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər isə 73,1 milyon manat olub.
Kapitalın vəziyyəti
Səhmdar kapitalı 174,6 milyon manata yüksələrək 20 milyon manat (12,9%) artıb.
Bölüşdürülməmiş mənfəət 10,5 milyon manat, ümumi ehtiyatlar isə 8,7 milyon manat təşkil edib.