2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 805,3 milyon manat təşkil edib. Bu portfelin xarici valyutada olan hissəsi isə 13 milyard 917,7 milyon manata bərabər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların cəmi depozit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 155,7 milyon manat (0,4%), ilin əvvəlindən isə (ötən ilin sonu ilə müqayisədə) 1 milyard 416,6 milyon manat (3,7%) azalıb.
Portfelin xarici valyutada olan hissəsi də eyni tendensiyanı nümayiş etdirir. Belə ki, xarici valyutadakı depozitlər illik 1 milyard 145,6 milyon manat (7,6%) azalmaqla yanaşı, ilin əvvəlindən bəri 312,3 milyon manat (2,3%) artıb.
Bankların depozit portfelinin strukturunda fiziki və hüquqi şəxslərin vəsaitləri fərqli dinamika müşahidə olunur. Əhalinin banklardakı depozitləri artsa da, şirkətlərin vəsaitləri azalır.
Fiziki şəxslərin depozitləri 16 milyard 305,5 milyon manata çatıb. Bu, illik 1 milyard 920,1 milyon manat (13,3%) artım deməkdir. Lakin ilin əvvəlindən əhali əmanətlərində cüzi (18 milyon manat və ya 0,1%) azalma qeydə alınıb. Əhali əmanətlərinin xarici valyutadakı hissəsi (5 milyard 164,6 milyon manat) illik 276,2 milyon manat (5,6%) və ilin əvvəlindən 24,6 milyon manat (0,5%) artıb.
Fiziki şəxslərin əmanətlərinin daxili bölgüsündə müddətli depozitlər (10 milyard 475,9 milyon manat) illik 1 milyard 729,1 milyon manat (19,8%) və ilin əvvəlindən 159,9 milyon manat (1,5%) artıb. Tələbli depozitlər isə (5 milyard 829,6 milyon manat) illik 191 milyon manat (3,4%) artsa da, ilin əvvəlindən 177,9 milyon manat (3%) azalıb.
Bunun əksinə olaraq, hüquqi şəxslərin depozitləri həm illik, həm də ilin əvvəlindən müqayisədə azalıb. Şirkətlərin depozitləri 20 milyard 499,8 milyon manata düşüb ki, bu da illik 2 milyard 75,7 milyon manat (9,2%), ilin əvvəlindən isə 1 milyard 398,6 milyon manat (6,4%) azalma deməkdir. Şirkətlərin depozitlərinin xarici valyutadakı hissəsi (8 milyard 753,1 milyon manat) illik 1 milyard 421,8 milyon manat (14%) azalsa da, ilin əvvəlindən 287,7 milyon manat (3,4%) artıb.
Hüquqi şəxslərin depozitlərinin daxili bölgüsündə müddətli depozitlər (5 milyard 384,7 milyon manat) illik 519,7 milyon manat (8,8%) azalsa da, ilin əvvəlindən 68,3 milyon manat (1,3%) artıb. Əsas azalma isə tələbli depozitlərdə qeydə alınıb. Bu növ depozitlər (15 milyard 115,1 milyon manat) illik 1 milyard 556 milyon manat (9,3%) və ilin əvvəlindən 1 milyard 466,9 milyon manat (8,8%) azalıb.
Xatırladaq ki, bankların cəmi depozit portfeli 2025-ci ilin sonunda 38 milyard 221,9 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 36 milyard 961 milyon manat təşkil edirdi.












