25 fevral 2021-ci il tarixdə S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqləri üzrə proqnozunu"Stabil"-ə yüksəltmiş, bankın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini ""CCC+/C" səviyyəsində təsdiq etmişdir.
Bu barədə FED.az-a Bankdan bildirilirb.
Qeyd edilib ki, S&P Global Ratings-in təhlilinə əsasən "Muğanbank" ASC-nin likvidlik və fondlaşma göstəriciləri son üç ay ərzində stabilləşmişdir.
Agentliyin fikrincə, Azərbaycanda makroiqtisadi mühitin bərpası Muğanbankın biznesinin stabilliyini dəstəkləyəcək və bank, likvidlik göstəricilərini adekvat səviyyədə saxlaya biləcəkdir. Eyni zamanda, reytinq agentliyinin təhlili göstərir ki, depozitər bazasının stabilləşməsi və Azərbaycan Respublikası Mərkəzi Bankından vəsaitlərin əldə olunması, qeyd olunan dövrdə Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşmasını şərtləndirmişdir. 19 fevral 2021-ci il tarixə olan məlumatlara əsasən, bankın likvid aktivləri 97 milyon manat (məcmu aktivlərin təqribən 15%) təşkil etmişdir. Bank, 2020-ci ilin yanvarından 2021-ci ilin fevralına qədər olan dövrdə ani likvidlik əmsalı üzrə normativ tələbi yerinə yetirmişdir. Bu göstərici, 2020-ci il dekabr ayından etibarən sabit səviyyədə 40%-dən yuxarı saxlanılaraq normativ minumum olan 30% ilə müqayisədə 2021-ci il fevralın 19-a olan məlumatlara əsasən 77% təşkil etmişdir.
S&P Global Ratings əhalinin əmanətlərinin tam məbləğdə sığortalanmasına dair dövlət proqramının müddətinin 4 aprel 2021-ci il tarixdə bitməsindən sonra depozitlərin bankdan əhəmiyyətli miqdarda axınını proqnozlaşdırmır.
Təhlilə əsasən, bank, 2020-ci il ərzində 2,2 mln manat məbləğində zərər etmişdir. Bank, 2020-ci ildə depozitlər üzrə faiz dərəcələrini yüksəltmişdir. Problemli kreditlərin ödənişinin bərpası ilə əlaqədar kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün yaradılan ehtiyatların azad edilməsi sayəsində Muğanbankın xalis mənfəət göstəricisi müsbət olmuşdur.
Muğanbankın kapital göstəricilərinə gəldikdə, reytinq agentliyinin fikrincə, 2020-ci ilin sonuna olan vəziyyətə, bank, kapital adekvatlığı üzrə normativ tələbi böyük kapital ehtiyatı hesabına yerinə yetirmişdir. 1-ci dərəcəli kapital əmsalı minumum 5% ilə müqayisədə 15,3%, məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 10% ilə müqayisədə 18,7% təşkil etmişdir. Proqnoza əsasən, bankın gələcəkdə də normativ tələbləri yerinə yetirəcəyi gözlənilir.
S&P Global Ratings, Muğanbankın likvidlik göstəricilərinin adekvatlığının uzun müddət saxlanılacağı, əhalinin bankdakı depozitlərində stabilliyin qorunacağı, aktivlərinin keyfiyyətinin daha da yaxşılaşacağı, kapitallaşma göstəricilərinin möhkəmlənəcəyi, habelə gəlirli və sabit biznes modelə keçidi hədəfləyən yeni ortamüddətli strategiyasınınnın səmərəli olacağı təqdirdə, yaxın 12 ayda Muğanbankın reytinqini “Pozitiv”-ə yüksəldə biləcəyini qeyd edir.