Müflis elan olunmuş Muğan Bankda qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir.
Banka əmanət yerləşdirənlərə - "XÜSUSİ DİQQƏT" XƏBƏRDARLIĞI
FED.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, əmanətlər ilə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadık vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq.
Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.
Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 gününədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya Avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni, əmanət rubl ilə yerləşdirilibsə o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
Bütövlükdə, Muğan Bankda sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcəklər. Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyyə olunur.