AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bankın çətin vəziyyətdə olması və guya müflisləşəcəyi ilə bağlı zaman-zaman yayılan məlumatlara aydınlıq gətirib. FED.az-ın məlumatına görə, bank rəhbəri bildirib ki, bankın kapitallaşması və tərkibinə yeni investorların qəbul olması «AccessBank»ın müstəsna rolundan xəbər verir: «Biz bu qəbildən olan informasiyaların hər birini oxumuşuq və eşitmişik, lakin hər dəfə təmkinli davranaraq reaksiya verməmişik. Kapitallaşma məsələsinə qayıtmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını, xüsusilə qeyri-neft sektorunu aktiv şəkildə inkişaf etdirməkdə qərarlıdır, bu isə xarici investisiyalara daha açıq olmaqdan xəbər verir, adlarını yuxarıda çəkdiyim investorların bank sektoruna daxil olması AccessBank-ın müstəsna rolundan xəbər verir.
16 illik fəaliyyətimiz ərzində əldə etdiyimiz göstəricilərlə biz bütün beynəlxalq investorlara göstərdik ki, Azərbaycanda 100% xarici kapitallı layihə necə uğur qazana bilər. Devalvasiyadan sonra bank tərəfindən atılan düzgün addımlar və ölkə iqtisadiyyatının potensialı bizim investorlara daha da güvən verir».