"Moody’s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəmə bankı olan "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "В3" səviyyəsindən "В2" səviyyəsinə qədər artırıb.
Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) "b3" pilləsindən "b2" pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi "B-2" deyil, daha yüksək olan "B-1" səviyyəsində dəyərləndirilib.
Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.
2016-cı ilin II rübündə "ABB-Moskva"nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, 1 sentyabr 2016-cı il tarixə "Bazel III" normativləri üzrə "ABB-Moskva"nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3% artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.
"Moody’s" ekspertləri ümid edir ki, ABB-nin kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də ABB-nin depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq "ABB-Moskva"nın reytinqi daha da yüksələ bilər.