Keçmiş MDB məkanının bank sektorunda mühüm hadisə baş verib. Oktyabr ayından etibarən Moldova Respublikası Avropa İttifaqının Vahid Avro Ödəniş Sisteminə – SEPA-ya qoşulub.
FED.az xəbər verir ki, SEPA (Vahid Avro Ödəniş Sistemi) – Avropa İttifaqının iştirakçı ölkələrinin ödəniş sistemləri arasında avro köçürmələrinə imkan verən Avropa ödəniş sistemidir. Burada bütün7 əməliyyatlar sərhədlərdən asılı olmayaraq qiymət, təhlükəsizlik və emal müddəti baxımından eyni şərtlər altında həyata keçirilir.
SEPA bütün Avropa İttifaqı ölkələrini, həmçinin Böyük Britaniya, Avropa İqtisadi Bölgəsi, İsveçrə, Andorra, Monako, San Marino və Vatikanı əhatə edir.
Rumıniya və Ukrayna arasında yerləşən kiçik Moldovanın hökuməti ölkənin Avropa İttifaqının ödəniş sisteminə qoşulmasını tarixi hadisə adlandırıb. Moldova Milli Bankının prezidenti Anca Draqu deyib ki, Moldovanın SEPA-ya inteqrasiyası milli maliyyə sistemi üçün tarixi məqamdır və ölkənin Avropa öhdəliyini təsdiqləyir. Mərkəzi Bankın rəhbəri bildirib ki, bu yenilik inzibati maneələri aradan qaldırır və Moldova Respublikasında insanların və bizneslərin gündəlik həyatına birbaşa Avropa standartlarını gətirir.
Moldovanın SEPA-ya qoşulması vətəndaşlara, diaspora, şirkətlərə və bütün iqtisadiyyata dərhal və nəzərəçarpacaq faydalar gətirəcək. Vətəndaşlar və diaspordan olan ailələr üçün avro köçürmələri iştirakçı bankların xidmətlərindən asılı olaraq daha sürətli, daha təhlükəsiz və daha ucuz, bəzən hətta sıfır komissiya ilə olur. Beynəlxalq köçürmə əvvəllər 20-200 avroya başa gələ bilərdisə, indi o, Aİ daxilində olduğu kimi eyni standartlara və tariflərə uyğun olaraq, cəmi bir neçə avroya və ya hətta pulsuz həyata keçiriləcək.
Biznes mühiti üçün SEPA inzibati maneələri aradan qaldırır və Moldova şirkətlərini Avropa şirkətləri ilə bərabər mövqeyə qoyur. Moldovanın ixracının 60%-dən çoxu Aİ-yə gedir və azaldılmış əməliyyat xərcləri rəqabət qabiliyyətini artırır, ticarət və investisiyaları asanlaşdırır. Statistikalar göstərir ki, 2024-cü ildə Moldova və SEPA ölkələri arasında ümumi dəyəri 11,8 milyard avro olan təxminən 830 000 ədəd avro əməliyyatı həyata keçirilib ki, bu da gündəlik 45 milyon avro dəyərində 3 200-dən çox ödəniş deməkdir. Bu maliyyə axınları indi birbaşa SEPA sistemi vasitəsilə daha səmərəli və sərfəli şəkildə idarə olunacaq.
Makroiqtisadi səviyyədə baxanda Moldovanın SEPA-ya inteqrasiyası təxminən 20 milyon avroluq birbaşa qənaət yaradır. Bu resurslar investisiya, biznesin inkişafı və iş yerlərinin yaradılması üçün iqtisadiyyatda qalır. Eyni zamanda, ölkənin bu sistemə üzvlüyü beynəlxalq tərəfdaşlar və investorlar üçün güclü sabitlik və etibarlılıq siqnalı verir.
Hazırda Moldova Respublikasında səkkiz kommersiya bankı SEPA İştirakçısı statusu alıb və Avropa İttifaqında olduğu kimi eyni standartlara uyğun olaraq avro ilə ödənişləri emal edə bilir.
Moldova Milli Bankı elan edib ki, artıq bank müştəriləri SEPA köçürmələri üçün şərtləri, o cümlədən rüsumları və mövcud xidmət növlərini (standart ödənişlər və ya ani ödənişlər) öyrənmək üçün öz bankına müraciət etməlidir.
«Genişlənmə prosesi davam edir və yaxın gələcəkdə digər ödəniş xidmətləri təminatçıları, o cümlədən bank olmayan operatorlar da yerli ödənişlər bazarının modernləşdirilməsinə töhfə verərək SEPA-nın üzvü ola bilərlər»-deyə Mərkəzi Bank bildirir.