Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi layihəsinin operatoru – İF-Az) “PAŞA Bank”dan cəlb etdiyi $15 milyon məbləğində kredit borcunu bağlayıb.
FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilir.
Eləcə də bax: “PAŞA Bank”ın - KREDİT REYTİNQİ ENDİRİLİB
“Cari il fevralın 10-da “Anglo Asian Mining” “PAŞA Bank”ın kreditinin ödənilməsi üşün son ödənişi həyata keçirib. Hazırda şirkətin balansında heç bir borc yoxdur”, - AAM qeyd edir.
“2015-ci ildə şirkətinin borcunun $50 milyon həcmində pil həddə çatmasını nəzərə alaraq bu əlamətdar hadisədir. Borcların olmaması ilə əlaqədar maliyyə çevikliyi “Anglo Asian Mining”a diqqətini öz biznesinin inkişafına yönəltməyə imkan verir”, - məlumatda AMM-nin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
O məlumat verib ki, 2015-ci ildən etibarən şirkət borcun ödənilməsindən əlavə biznesinin sərmayə yatırmağa davam edib, Azərbaycanda müqavilə sahələrində 3 illik geoloji kəşfiyyat işlərinə başlayıb, mütəmadi dividendlərin ödənişinə başlayıb və mühüm həcmdə pul vəsaiti toplayıb.
“Bu, “Anglo Asian Mining” şirkətinin pul vəsaitinin etibarlı generasiyasını açıq şəkildə nümayiş etdirir”, - Vəziri qeyd edib.
Xəbər verildiyi kimi, 2018-ci il fevralın 10-da “Azerbaijan International Mining Company Limited” (“Anglo Asian Mining plc”-nin (ААМ) törəməsi) “PAŞA Bank”dan $15 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Vəsait 2 il müddətinə və illik 7% dərəcəsi ilə verilib.
Bu məbləğin $13,47 mln.-u “Anglo Asian Mining”in “Amsterdam Trade Bank N. V.” ($3,699 mln.), Gazprombank (Switzerland) Ltd. ($3,7 mln.), AAM-in baş direktoru Reza Vəziri ($3,86 mln.) və Türkiyənin “Yapi Credit Bank”ına ($2,211 mln.) olan borcunun ödənilməsinə yönəldilib.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
İnterfaks