Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edir.
Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasətinə dair qərarın açıqlanması zamanı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektoru hazırda əhəmiyyətli izafi likvidlik şəraitində fəaliyyət göstərir.
“Məcburi ehtiyatlara dair tələbləri nəzərə aldıqdan sonra bank sektorunun 6,12 milyard manat izafi likvidliyi var. Mərkəzi Bank bu likvidliyi əsasən pul siyasətinin əməliyyat çərçivəsindəki alətlərlə sterilizasiya edir. Əsas alətimiz birhəftəlik depozitlərdir”, – deyə Taleh Kazımov qeyd edib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, bankların həm məcburi ehtiyatlar, həm də likvidlik üzrə prudensial tələbləri yerinə yetirməsindən sonra da kreditləşmə üçün böyük həcmdə vəsait qalır.
“Bütün məcburi ehtiyat və likvidlik tələblərimizi nəzərə alsaq, bankların hazırda kreditləşmə üçün 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Bu proses ötən ilin dördüncü rübündən başlayaraq davam edir”, – deyə o bildirib.
Bu göstəricilər bank sektorunda kreditləşmənin genişləndirilməsi üçün əhəmiyyətli likvidlik potensialının mövcud olduğunu göstərir. Bununla belə, sərbəst vəsaitlərin kreditə çevrilməsi bankların risk qiymətləndirməsindən, kredit tələbindən və borcalanların maliyyə vəziyyətindən də asılıdır.















