Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktorları Rəşad Orucov və Ziya Əliyevin iştirakı ilə təşkil olunmuş üç saatlıq onlayn B2G forum çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə rastlaşdıqları məsələlər müzakirə olunub.
Eləcə də bax: Azərbaycanda pul bazası - 11 MİLYARD MANATI KEÇİB
FED.az xəbər verir, bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Mərkəzi Bank və Caspian European Club arasında olan uzun illik əməkdaşlığı qeyd edərək Rəşad Orucov keçirilən görüşlərin xüsusi əhəmiyyətini diqqətə çatdırıb və bunun ölkəmizdə dövlət ilə özəl sektor arasında dialoqun inkişafına müsbət töhfə verdiyini vurğulayıb. Daha sonra Rəşad Orucov Koronavirus pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlara mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı ilə uzlaşdırılmaqla Mərkəzi Bank tərəfindən qəbul edilmiş dəstəkləyici tədbirlər haqqında forum iştirakçılarına geniş məlumat verdi: "Mərkəzi Bank tərəfindən qəbul edilmiş requlyativ qərarlarla pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün kreditlərinin restrukturizasiya imkanları yaradılmışdır".
İndiki dövrdə üzərinə böyük yük düşən və iqtisadiyyatın maliyyələşdirilməsində rolu əhəmiyyətli dərəcədə artan maliyyə sektoru təmsilçilərinin dayanıqlılığına və sağlamlığının qorunmasına yönəldilən bir sıra tədbirlər görülür"- deyə Rəşad Orucov bildirib.
Ziya Əliyev öz çıxışında dünyanın aparıcı mərkəzi banklarının gördüyü tədbirləri və iqtisadiyyata verdikləri monetar stimulların qlobal maliyyə böhranının qarşısını aldığını vurğulayıb. Həmçinin Ziya Əliyev bildirib ki, “Azərbaycan hökuməti malik olduğu valyuta ehtiyatları, makroiqtisadi idarəetmə çərçivəsi və makroiqtisadi idarəetmə orqanları arasında formalaşmış effektiv koordinasiya mühiti makroiqtisadi stabilliyi qoruyub saxlamağa imkan verir. Artıq valyuta bazarı sabitləşmiş və bu sahədə neqativ iqtisadi gözləntilər xeyli azalmışdır.”
Çıxışlarının sonunda Rəşad Orucov və Ziya Əliyev Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyiblər.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Rəşad Orucova və Ziya Əliyevə minnətdarlığını bildirib və Caspian European Club ilə birgə sahibkarların təkliflərini operativ şəkildə öyrənmək və onları Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyinə çatdırmaq imkanı yaradacaq ikitərəfli işçi qrup yaratmağı təklif edib.
Dövlət və özəl sektor arasında dialoqu fəallaşdırmaq üçün mühüm vasitə olan online B2G forum Azərbaycan, Gürcüstan və Qazaxıstanda Caspian European Club tərəfindən hər həftə keçirilir.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirakdan ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislərlə vebinarlar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, eyni zamanda ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.