Oktyabrın 1-dən etibarən Azərbaycanda Elektron Xidmətlər Portalı işə düşüb. Azərbaycan Mərkəzi Bankından (AMB) FED.az-a verilən məlumata görə, bir pəncərə prinsipinə əsaslanan mərkəzləşdirilmiş portal www.e-cbar.az ünvanındadır.
Adıçəkilən Portal üzərindən elektron statistik məlumatların toplanılması və emalı, təkmil elektron imzaların əldə edilməsi və avtomatlaşdırılmış qaydada ödənişlərin aparılması, saxta pul nişanlarının monitorinqi, elektron müraciətlərin qəbulu və cavablandırılması, habelə maliyyə savadlılığının artırılması üzrə informasiya resursuna və Hökumət Ödəniş Portalına çıxış imkanları təmin edilib.
Oktyabrın 1-dən işı düşən portalla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının əməkdaşlarının iştirakı ilə 27-28 sentyabr 2018-ci il tarixlərində Mərkəzi Bankda müvafiq görüşlər keçirilib, xüsusilə “Saxta pul nişanlarının monitorinqi” və “Elektron statistik məlumat bazası və analitik hesabatlılıq” sistemləri daha geniş nümayiş etdirilib.
Saxta pul nişanlarinin monitorinqi sistemi vasitəsilə saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparılması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin avtomatlaşdırılması, müvafiq hesabatlığın formalaşdırılması məqsədilə saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması və bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması təmin edilmişdir.
Belə ki, əhali köhnəlmiş və dövriyyəyə yararsız pul nişanlarının dəyişdirilməsi, eləcə də həqiqiliyi şübhə doğuran pul nişanlarının ekspertizaya təqdim etmək üçün qeyd olunan sistemdən istifadə edə biləcəklər. Bu məqsədlə vətəndaşlar sistemdə onlayn qeydiyyatdan keçərək Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində milli pul nişanlarının dəyişdirilməsi və ekspertizası üzrə təqdim edilən xidmətlərdən yararlana bilərlər.
Eyni zamanda, vahid statistik platformanın yaradılması və maliyyə sektoru üzrə statistik məlumatların toplanması, emalı və yayımlanması ilə bağlı Mərkəzi Bankda istismarda olan “Elektron statistik məlumat bazası və analitik hesabatlılıq sistemi”nə məlumatların yüklənməsi prosesinin daha effektiv təşkili məqsədilə mövcud informasiya sistemi yenilənmiş və faəliyyəti Elektron Xidmətlər Portalı üzərindən təmin edilmişdir.
Mərkəzi Bankdan yenilik – BU HƏFTƏDƏN İŞƏ DÜŞDÜ
23:41
1 Okt 2018