Ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırılmasını və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə görüşlər keçirilir.
Mərkəzi Bankdan FED.az-a verilən məlumata əsasən, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11) Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar rüblük əsasda toplanılır və təhlil edilir.
Həmçinin, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib.
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.