"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir".
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB bildirir ki, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur.
"Bütövlükdə manatın məzənnəsinin kəskin dəyişməsinin fundamental iqtisadi əsası yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı neft transferlərinin məbləğindən asılıdır ki, bunlar da bu gün tarazlaşdırıcı nisbətdə olduqları üçün manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit dinamikadadır", - deyə tənzimləyicidən bildirilib.
Ötən gün FED uçot dərəcəsini 0,25% səviyyəsindən 1,50%-dək artırıb.