Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "Atabank" ASC-də ilkin araşdırmalar aparılıb.
FED.az xəbər verir ki, bu barədə Bankdakı əmanətlərin geri götürülməsində problemlərin olub-olmaması ilə bağlı "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Eləcə də bax: "AtaBank" mətbuatda haqqında yazılan məlumatlarla bağlı - BƏYANAT YAYIB
Məlumata görə, araşdırmalar nəticəsində “Atabank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi "Atabank"da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.
2019-cu il oktyabrın 1-nə "Atabank"ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub.
Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.