Xəbər verildiyi kimi, bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov banklarla bağlı bəzi açıqlamalar verib.
FED.az xatırladır ki, açıqlamalar iki əsas məsələ ilə bağlı olub – bankların illik hesabatlarını açıqlaması və kapital çatışmazlığı ilə bağlı.
AMB rəhbəri bildirib ki, iki bankın kapitalında çatışmazlıq var və onlara ilin sonunadək bu problemi həll etmək üçün vaxt verilib. Ümumilikdə isə həmin bankların kapital adekvatlığı göstəricisi lazımi səviyyədədir, yəni onların fəaliyyəti ilə bağlı narahatlıq yoxdur, həm də həmin bankların kapitallarını artırmağa razılaşıblar və ilin sonunadək bu proses başa çatmalıdır. Mətbuatın təkidinə baxmayaraq Elman Rüstəmov həmin bankların adlarını açıqlamayıb.
Elman Rüstəmovun ikinci açıqlaması texniki xarakterli məsələyə - bankların öjz illik hesabatlarını saytlarında yerləşdirməsinə aid olub. AMB rəhbəri bildirib ki, hazırda bütün banklar öz hesabatlarını açıqlayıblar, yalnız iki bank - «Rabitabank» və «Accessbank» hələlik bu hesabatları açıqlamayıb. Səbəbi koronavirusla bağlı yaranan problem olub. Onlar da bir ay ərzində hesabatlarını açıqlayacaqlar.
Göründüyü kimi, mətbuat konfransında söhbət iki fərqi mövzudan və iki fərqli bankdan gedir.
Tədbirdən sonra bəzi media orqanları AMB sədrinin açıqlamasını düzgün başa düşməyərək kapitl çatışmazlığı olan bank kimi söhbətin «Rabitabank» və «Accessbank»dan getdiyini güman ediblər.
Yaranmış anlaşılmazlıqla bağlı Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev də açıqlama verib. N.Əliyev bildirib ki, mətbuat konfransından sonra bankların kənar audit hesabatı üçün vaxtiı verilməsinə dair yazılarda adı çəkilməyən bankların kapital mövqeyi ilə «AccessBank» və «Rabitabank»ın kənar audit hesabatlılığı üçün (yəni hesabatını dərc etməsi üçün) möhlət almasında anlaşılmazlıq yaranıb. «Reallıqda mətbuat konfransında səsləndirildi ki, «Accessbank» və «Rabitabank» möhləti kənar audit hesabatlarını AMB-yə təqdim etmək uçün istəyiblər. O ki qaldı kapital adekvatlığı qenaətbəxş olan, lakin bankın kapitalının minimum kapital tələbindən aşağı olan iki banka, bu bankların adı açıqlanmadı. Qeyd edildi ki, Mərkəzi Bank vəziyyəti nəzarətdə saxlayır».
Bu açıqlamadan da göründüyü kimi, adıçəkilən iki bankla bağlı söhbət hesabatın hazırlanmasından gedir. Kapital tələbi ilə bağlı çatışmazlığı olan bankların adı isə açıqlanmayıb.