Bu gündən etibarən Tural Feyzullayev “AccessBankda” Hüquq və Komplayens departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.
Bankdan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, Feyzullayev hüquq karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək müxtəlif vəzifələrdə işləyib. “AccessBank”da fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluz Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb.
12.11.2018-ci il tarixində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan, ingilis və fransız dillərini bilir.