Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.
AMB-dən FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib.
"Verilmiş tapşırığın icrası məqsədi ilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə “Ani ödənişlər sistemi”nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün “Instant Payment System” və ya “Fast Payment System” adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. Belə ki, bir çox ölkələrdə (məsələn İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilmiş, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır. Qeyd olunan Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş hədəflərə nail olunması məqsədi ilə Mərkəzi Bankda müvafiq beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla “Ani ödənişlər sistemi”nin yaradılması üzrə ilkin araşdırmalar aparılıb və mövcud ödəniş ekosisteminə inteqrasiyası baxımından tələblər müəyyənləşdirilib. Bu məqsədlə 1 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında müəyyənləşdirilmiş tələblərin bankların rəhbər işçiləri geniş müzakirəsi təşkil edilib, onların rəy və təklifləri dinlənilib. Görüşdən sonra bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi qərara alınıb", - deyə məlumatda vurğulanıb.