Məlum olduğu kimi, mövcud məzənnə rejiminə uyğun olaraq, Mərkəzi Bank tərəfindən cari ilin ötən dövründə Blumberq ticarət sistemində mütəmadi olaraq birtərəfli valyuta satışı üzrə hərraclar təşkil edilmişdir. Bu hərraclar vasitəsilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bankın valyuta satışları həyata keçirilmişdir. Keçirilmiş hərraclar ötən dövrdə valyuta bazarının tənzimlənməsində və məzənnə siyasətinin reallaşdırılmasında mühüm rol oynamışdır.
Bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul etmişdir. Bu barədə Fed.az-a Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib.
Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Blumberq ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.
Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaqdır. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.
5 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilmişdir. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşmışdır.
Mərkəzi Bank yeni hərrac mexanizmini tətbiq edəcək
16:52
5 Okt 2016