Mərkəzi Bankın kapital bazarları üzrə görəcəyi əsas tədbirlər məlum olub.
FED.az xəbər verir ki,Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, bazar iştirakçıları və infrastruktur provayderləri ilə aktiv dialoq şəraitində tarif rejiminin optimallaşdırılması davam etdiriləcəkdir.
Eləcə də bax:Mərkəzi Bank valyuta ehtiyatlarını - AÇIQLADI
İnvestisiya xidmətlərinin elektronlaşdırılması, investor-müəssisə münasibətlərinin dərinləşdirilməsi üçün elektron platformaların yaradılması, investorlara məsafədən ticarət aparmağa imkan verən sistemlərin tətbiqinə dair müvafiq işlər görüləcəkdir.
Qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün əlverişli vergi mühitinin formalaşdırılması üzrə təşəbbüslər göstəriləcəkdir.
Kapital bazarlarında təklifin stimullaşdırılması üçün qiymətli kağızların qeydiyyat prosedurunun və şirkətlər üçün listinq tələblərinin daha da sadələşdirilməsi, habelə xarici investorların cəlbinin asanlaşdırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.
Şəffaflığın artırılması məqsədi ilə bazar iştirakçıları üçün informasiya əlçatanlığının artırılması və bu yolla informasiya assimmetriyasının aradan qaldırılması üzrə işlər görüləcəkdir. Maarifləndirmə və təşviqat işlərinin aparılması, o cümlədən potensial investorların qiymətli kağızların faydaları və riskləri barədə məlumatlarının artırılması nəzərdə tutulur. Şirkətlərin şəffaflıq və hesabatlığının müasir standartlara uyğunlaşdırılması da kapital-maliyyə bazarında investisiya alətlərinin geniş istifadəsini dəstəkləyən amil olacaqdır.
Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində səylər artırılacaqdır. "Sekyuritizasiya fəaliyyəti haqqında” Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcəkdir.
Törəmə maliyyə alətləri bazarı üzrə hüquqi çərçivənin də qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur.
Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədavülünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaqdır. İnvestisiya fondlarının fəaliyyətinin təşviqi məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaqdır.
Rəqabət mühitinin maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və maliyyə məhsullarının müxtəlifliyinin, nəticədə innovasiyanın təşviqindəki rolunu nəzərə alaraq, maliyyə bazarlarında rəqabətin təşviqi də Mərkəzi Bankın diqqətində olacaqdır. Bu məqsədlə beynəlxalq maliyyə institutlarının əməkdaşlığı ilə rəqabətin dəstəklənməsi üzrə zəruri addımların atılması nəzərdə tutulur.