“KPMG Audit Azərbaycan” MMC Azərbaycan Mərkəzi Bankın (AMB) auditoru seçilib və tenderin nəticələri “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanununa müvafiq olaraq təsdiqlənib.
FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, “KPMG Audit Azərbaycan” MMC böyük dördlüyə daxil olan KPMG şirkətinin Azərbaycanda fəaliyyət göstərən müstəqil şirkətlər şəbəkəsinin bir üzvüdür və Auditorlar Palatasının tələblərinə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir.
“Mərkəzi Bankın illik fəaliyyətinin auditində yalnız yerli şirkətin nümayəndələri deyil, eyni zamanda beynəlxalq KPMG şirkətinin (Moskva və London ofisləri) digər ölkələrdə fəaliyyət göstərən ofislərində çalışan yüksək kompetensiyalı nümayəndələrinin və partnyorlarının da iştirakı təmin edilir, bir qayda olaraq auditin nəticələri baş ofis tərərfindən təsdiqləndikdən sonra qüvvəyə minir və ictimaiyyət üçün açıqlanır”, - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, “KPMG Audit Azərbaycan” 2019-2021-ci illər üzrə Azərbaycan Mərkəzi Bankın maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditini aparacaq.