Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kartla ödənişlərə marağı artırmaq məqsədilə təşkil etdiyi və noyabr ayında keçirilən «Kartla ödə, kartla qazan» adlı stimullaşdırıcı lotereyanın nəticələrini açıqlayıb.
FED.az xatırladır ki, lotereyanın şərtlərinə görə, Azərbaycan banklarının bütün kartları ilə ölkədəki bütün obyektlərdəki posterminallar vasitəsilə minimum 5 manat ödəniş edən hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir.
Ümumilikdə, noyabr ayı ərzində lotereya şərtlərinə uyğun olan 538 429 ödəniş kartı ilə aparılmış 2 471 829 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib. Lotereya nəticələrinə uyğun olaraq, qalib gəlmiş 899 ödəniş kartı sahibinin hesabına hər biri 100 manat məbləğində olmaqla “cashback” vəsaiti mədaxil edilib.
Nəticə etibarilə, cari ilin noyabr ayı ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 11 milyona, həcmi isə 592 milyon manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 61% və 32% artım deməkdir.
Eyni zamanda, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların say və həcm göstəricilərində ötən ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 90% və 94% artım müşahidə olunub. POS-terminal vasitəsilə aparılan təmassız ödənişlərin say və həcm göstəriciləri isə ötən ilin 11-ci ay indikatorlarını müvafiq olaraq 3.6 və 5.5 dəfə üstələyib.
Qeyd edək ki, indiki «Kartla ödə, kartla qazan» lotereyası AMB-nin bu il təşkil etdiyi üçüncü stimullaşdırıcı kampaniyadır. Mərkəzi Bank bildirir ki, belə tədbirlər və lotereyalar gələcəkdə də davam edəcək.
«Kartla ödə, kartla qazan» lotereyasının qalibləri – TAM SİYAHI