Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi yeniliklər, o cümlədən bu sahədə tənzimləyici çərçivənin tətbiq edilməsi ölkədə istehlak kreditlərinin artımını zəiflədib.
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqladığı 2025-ci ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
AMB etiraf edir ki, istehlak kreditlərinin, o cümlədən kredit kartlarının sürətli artımı maliyyə sistemi üzrə bir sıra risklər yaradır. Bunun qarşısını almaq üçün Mərkəzi Bank istehlak portfelinin artım dinamikasını diqqətdə saxlayır.
Mərkəzi Bank bildirir ki, 2022-ci ildən həyata keçirilən istehlak kreditləşməsi üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi nəticəsində istehlak kredit portfeli üzrə müşahidə olunan intensiv artım bir qədər səngiyib.
Belə ki, 2025-ci ilin I yarısında istehlak portfelinin illik artım sürət 16,6% olub. Müqayisə üçün bildirək ki, tənzimləyici çərçivənin dəyişməsindən əvvəl istehlak kreditlərinin illik artımı 32%ə çatırdı.
Eyni addımlar kredit kartlarına da aiddir. Ümumiyyətlə Mərkəzi Bank bildirir ki, son dövrlər istehlak kreditlərinin artımının əsas səbəbi kredit kartlarının həm sayının, həm də ondan istifadənin sürətli artmasıdır.
Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit kartlarının istifadə olunmuş hissəsi 60% artaraq 1,7 mlrd. manata, istifadə olunmamış hissəsi isə 64% artaraq 2 mlrd. manata çatıb.
Mərkəzi Bank bu artımdan narahatdır – «İstehlak kredit kartlarının pro-tsiklik xüsusiyyəti sistem risklərini artıran amil kimi çıxış etməklə yanaşı, maliyyə sistemi üzrə bir sıra risklər yaradır».
Buna görə də, bank əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığını təmin etmək məqsədilə bir neçə ay əvvəl istehlak kredit kartları üzrə kredit limiti tətbiq edib. Xatırladaq ki, dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılmışdır.
AMB bildirib kİ, bu dəyişiklik həm əhalinin öz kredit imkanlarını nəzərə almağa imkan verəcək, həm də banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq azaltmağa imkan verəcək.