Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 bənd də aşağı saldı
FED.az xəbər verir ki, oktyabrın 25-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir (yuxarı həddi 9,5%, aşağı həddi 6%).
Beləliklə, 2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında (cəmi 7 iclas) faizlərin endirilməsinə qərar verib. İl ərzində 1 iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 6 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında isə 7,75%-ə endirilib.