Mərkəzi Bakın banklar və bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsinə dair qayda, təlimat, standart və göstərişləri Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul ediləcək müvafiq normativ aktlar qüvvəyə minənə qədər qüvvədə olacaq.
Bu, Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi “Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarının ləğv edilməsi barədə” qərarında əksini tapıb.
Mərkəzi Bankın İdarə Heyəti Maliyyə Bazarlarına Nəzarət Palatasının 23 may və 20 iyun 2017-ci il tarixli müraciətlərini nəzərə alaraq belə bir qərar qəbul edib. Qərara əsasən Mərkəzi Bankın qəbul etdiyi 17 normativ xarakterli akt ləğv edilib. Bura “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”, “Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi Qaydaları”, “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılıq (lisenziya) verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları”, “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”, “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”, “Bankların yenidən təşkili Qaydaları”, “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyinə dair Göstəriş”, “Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”, “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları” və “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” daxildir. Ancaq bu hüquqi aktlar Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş hesab ediləcək.