Korporativ bankçılığı ilə seçilən və daha çox qapalı bank kimi səciyyələndirilən "Bank Silk-Vey" 2018-ci ilin birinci rübü üzrə mənfəətini açıqlayıb. FED.az xəbər verir ki, bank bu rübü 11 milyon 679 min manat xalis mənfəətlə bağlayıb. Halbu ki, bank 2017-ci ilin 1-ci rübünü cəmisi 2 milyon 35 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, xalis mənfəət artımı 5,7 dəfə təşkil edir.
Kreditlərdən yığıb, depozitlərə xərcləyib
Bankın faiz gəlirləri 7 milyon 445 minmanat təşkil edir. Bunun 7 milyon 77 min manatı kreditlər üzrə faizlərdən əldə olunub. Faizlər üzrə xərclərin ödənilməsinə 3 milyon 338 min manat xərcləyib. Bunun 2 milyon 176 min manatı depozitlər üzrə faizlərin ödənilməsinə yönəldilib. 136 min manat isə Mərkəzi bankdan alınan kreditlər üzrə faizlərin ödənilməsinə xərclənib. Nəticə bankın xalis faiz gəliri 4 milyon 108 min manat təşkil edib. "Bank Silk Vey" qeyri-faiz gəlirləri 4 milyon 539 min manat olub. Bunun 2 milyon 816 min manatı komissiyon gəliri, 1 milyon 574 min manatı xarici valyuta ticarəti üzrə gəlirlərdir. Bankın qeyri-faiz xərcləri isə 7 milyon 36 min manat təşkil edir. Nəticədə bank rübü 1 milyon 610 min manat əməliyyat mənfəəti ilə bitirib.
Ehtiyatını gəlirə çevirdi
Bankr aktivlər üzrə mümkün zərərlər üçün ayırdığı 10 milyon 69 min manat vəsaiti bu rübün sonunda gəlirlərinə daxil edib. Nəticədə xalis mənfəət 11 milyon 679 min manata çatıb.
Kredit portfeli düşüb
Qeyd edək ki, bankın cəmi aktivləri 492 milyon 872 min manatdır. Bunun 412 milyon 666 min manatını müştərilərə verilən kreditlər təşkil edir. "Bank Silk-Vey"də depozit portfelinin həcmi 324 milyon 785 min manatdır. Bunun 297 milyon 51 min manatını fiziki şəxslərin depozitləri təşkil edir. Bu ilin sonuna bankın öhdəlikləri 363 milyon 347 min manatdır. Halbu ki, 29 Dekabr 2017-ci il tarixində "Bank Silk Vey" ASC 480 milyon 382 min manat cəmi aktivlərə, o cümlədən 424 milyon 28 min manat kredit portfelinə malik idi.
Mənfəəti 5,7 dəfə artan bank - HESABAT
10:46
26 Aprel 2018