Azərbaycanın valyuta bazarında təklif tələbi 1 milyard dollar üstələyir. Belə bir dollar bolluğu şəraitində Manat bahalaşma təzyiqi altındadır
"Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır".
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb: "Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.
Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".