Azərbaycanda "Poçtbank" səhmdar investisiya bankı vasitəsilə fəaliyyət göstərmiş Maltanın FIM Bank-ının iddiası sonuncu məhkəmə instansiyasında təmin edilməyib.
Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Ə.Abdullayevin sözlərinə görə, iddia 4,5 milyon ABŞ dolları həcmində verilmiş kreditin qaytarılmasını nəzərdə tuturdu:
"Kredit FIM Bank tərəfindən guya Azərbaycan Rabitə Nazirliyinə məxsus olan "Aztell" və "Baktell" müəssisələri arasında bağlanmış müqaviləyə əsasən verilmişdi. Beləliklə, məhkəmənin 10 ildən çox uzanan proses üzrə son qərarı Azərbaycanın xeyrinə olub".
Qeyd edək ki, bundan əvvəl böyük borclarla əlaqədar olaraq, "Poçtbank" FIM Bank-dan Azərbaycan hökuməti adından təqdim edilmiş saxta sənədlər əsasında vəsait alıb. Sənədlərdə kredit vəsaiti ilə guya Rabitə Nazirliyinə məxsus olan "Aztell" və "Baktell" şirkətləri (hazırda bu şirkətlər mövcud deyil) üçün telekommunikasiya avadanlıqlarının alışı göstərilirdi.
"Poçtbank" həmin saxta sənədlər əsasında alınan krediti qaytara bilməyib və banklar arasında maliyyə əməliyyatları baş tutmayıb. Nəticədə FIM Bank Azərbaycan hökumətinə qarşı Rotterdam dairə məhkəməsində iddia qaldırıb.