Pakistan Milli Bankı Azərbaycandakı filialının könüllü ləğv edilməsi barədə açıqlama yayıb.
Eləcə də bax: Azərbaycanda bankın lisenziyası - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, açıqlamada bildirilir:
Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına (Filial) verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir. Filial, 2005-ci ildən etibarən öz müştərilərinə bank xidmətləri təqdim etməklə yanaşı, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi münasibətlərin genişləndirilməsinə öz töhfəsini vermişdir. Qeyd olunmalıdır ki, ana bankımız olan Pakistan Milli Bankının müvafiq qərarı təkcə Bakı Filialı ilə əlaqədar deyil, həm də Orta Asiya ölkələrində olan Almatı, Aşqabad, Bişkek və Düşənbə filiallarının fəaliyyətinə xitam verilməsi və bu ölkələrin maliyyə bazarlarından çıxış üzrə strateji yanaşmaya uyğun olaraq qəbul edilmişdir. Bu strateji yanaşmadan irəli gələrək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Pakistan Milli Bankı tərəfindən Filialın bank lisenziyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlanmışdır. Sözügedən müraciət əsasında, yuxarıda qeyd olunduğu kimi, Filialın bank lisenziyası ləğv edilmişdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Filialın könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcəkdir. Bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunmuşdur. Filialın likvid aktivləri hesabat tarixinə 6.7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir.
Filialın fəaliyyət dövrü ərzində ona hərtərəfli dəstək göstərmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına öz dərin təşəkkürümüzü bildiririk.