"PAŞA Bank"ın Türkiyədə törəmə bankı olan "PAŞA Yatırım Bankası"nın xalis gəlirləri 44% azalıb. FED.az xəbər verir ki, bu barədə “PAŞA Bank”ın 2019-cu ilin iyun ayına olan audit hesabatında qeyd olunur.
Belə ki, 2018-ci ilin iyunun 30-na olan hesabatda bankın xalis gəlirləri 7 milyon 152 min manat olduğu halda, bu ilin həmin tarixinə göstərici 44% və ya 3 milyon 175 min manat azalaraq 3 milyon 977 min manat təşkil edib.
Eləcə də bax:“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının nə üçün – ZƏRƏR ETDİYİ MƏLUM OLUB
Azalma digər sahələrdə də özünü göstərib. Belə ki, "PAŞA Yatırım Bankası"nın məcmu aktivləri 11% azalaraq 461 milyon 566 min manat, müştərilərə verilən kreditlər isə 7% azalaraq 309 milyon 859 min manat təşkil edib. Həmçinin bir il ərzində bankın məcmu kapitalı 22% azalaraq 152 milyon 591 min manata enib.
Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin həmin dövründə bankın faiz gəlirləri 8% artaraq 23 milyon 109 min manat, əməliyyat gəlirləri isə `15% artaraq 16 milyon 701 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bankın bu ilin birinci yarısı üzrə hesabatının açıqlanması zamanı Türkiyə törəmə bankının gəlirlərinin azalmasını, lirənin məzənnəsinin qeyri-stabil olması ilə əlaqələndirib.