“VTB (Azərbaycan)” ASC-nin korporativ bloku 2016-cı ilin nəticələrinə görə möhtəşəm artım nümayiş etdirib.
Bankdan verilən məlumata görə, 2016-cı ilin nəticələrinə görə “VTB (Azərbaycan)”ın korporativ müştərilərinin sayı əhəmiyyətli dərəcədə artıb.
“İl ərzində bankın komandası 300-dən çox yeni korporativ müştəri cəlb edə bilib. İl ərzində korporativ biznes üzrə gəlirlər 10 dəfə, hüquqi şəxslərin hesablaşma-kassa əməliyyatları üzrə dövriyyə isə 6 dəfədən çox artıb.
Bankın əsas müştəriləri Azərbaycan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərdir. VTB (Azərbaycan) 2016-cı ildə strategiyasını yenidən nəzərdən keçirib və korporativ biznes istiqamətində fəaliyyətini aktivləşdirmək barədə qərar qəbul edib. Bankın başlıca məqsədi biznesi Azərbaycan və Rusiya bazarı ilə əlaqədar olan hər iki ölkə sahibkarları üçün əsas tərəfdaş-banka çevrilməkdir. İl ərzində bank, VTB beynəlxalq maliyyə qrupunun üstünlüklərindən istifadə edərək qrupun fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan şirkətlərinin transsərhəd əməliyyatlarını fəal dəstəkləyib”, - deyə məlumatda vurğulanıb.
“VTB (Azərbaycan)”ın planlarına əsasən, 2017-ci ildə tranzaksiya biznesinin ikiqat, 2019-cu ilədək isə bu göstəricinin 5 dəfədən çox artırılması nəzərdə tutulur.
“Hazırda bank tərəfindən tranzaksiya əməliyyatlarının həcminin artırılması istiqamətində iş aparılır. Bu, qarşıya qoyulan strateji məqsədlərin reallaşması, eləcə də korporativ biznes məhsulların təkmilləşdirilməsi, o cümlədən VTB qrupun müxtəlif ölkələrdəki bankları ilə birgə məhsulların tətbiqi hesabına mümkün olacaq” – deyə, “VTB (Azərbaycan)”ın İdarə Heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.