Aprelin 18-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə Bankın İdarə Heyətinin sədri Faiq Hüseynovun adından məlumat yayılıb.
Məlumatda deyilir ki, yığıncaq “Unibank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,55 ünvanında olacaq.
Yığıncağın gündəliyinə yeni səhmlərin emissiyası yolu ilə Bankın nizamnamə kapitalının artırılması və Xaləddin Cəlal oğlu Əliyevin kredit təşkilatının kənar auditoru təyin edilməsi (2016-cı il üzrə auditin keçirilməsi üçün) məsələləri daxildir.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.