Bu gündən “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödəniləcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF-dən) verilən məlumata əsasən ADİF 22 avqust, 2016-cı ildən etibarən “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlayır.
ADİF-dən verilən məlumatda vurğulanıb ki, fond avqustun 22-dən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək. Həmin məlumatda əlavə olaraq qeyd edilib ki, bankların qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək. Həmçinin bildirilib ki, ADİF banklarda qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir.
Məlumdur ki, Azərbaycan Mərkəzi Bankı yanvar ayının 27-də “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın lisenziyalarının ləğv olunmasına dair qərar qəbul edib. Bu qərarın qəbul olunma səbəbi kimi bankların məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi göstərilirdi.
Mərkəzi Bankın qeyd etdiyinə görə “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi təşkil ediləcəkdir.
Sonda qeyd etmək istərdik ki, “Atrabank” ASC 1992-ci ildən, “Qafqaz İnkişaf Bankı” ASC isə 1996-cı ilin aprel ayından fəaliyyət göstərirdi.