“PAŞA Yatırım Bankası” 2017-ci ili 16 milyon 8 min türk lirəsi (7,2 milyon manat) xalis mənfəətlə başa vurub.
FEd.az Bankın Audit Hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə xalis mənfəət 2 milyon manat artıb. “PAŞA Yatırım Bankası” 2016-cı ili 14 milyon 5 min lirə xalis mənfəətlə bağlamışdı.
“PAŞA Yatırım Bankası”nın faiz gəlirləri 2016-cı ildə 37 milyon 226 min lirə təşkil edərkən, 2017-ci ildə 65 milyon 633 min lirə olub.
Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 130 min lirədən 1 milyon 801 min lirəyə yüksəlib.
Faiz və qeyri faiz xərcləri çıxıldıqdan sonra Bankın 45 milyon 650 min lirə əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfətindən 20 milyon 706 min lirə ehtiyatlara ayrılıb və 4 milyon 911 min lirə vergi ödənilib.
31 Dekabr 2017-ci il tarixində “PAŞA Yatırım Bankası” 896,84 milyon lirə cəmi aktivlərə malik olub. 2016-cı ilin sonunda Bankın cəmi aktivləri 510,35 milyon lirə idi. Aktivlərin artmasının səbəbi kreditlərin 403,87 milyon lirədən 679 milyon lirəyə yüksəlməsidir.
255 milyon Türk lirəsi nizamnamə kapitalına malik olan “PAŞA Yatırım Bankası”nın 99.9196%-i PAŞA Banka məxsusdur.
Bu gün 1 Türk lirəsi 0,4536 manata bərabərdir.