"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası" ötən il oktyabrın 4-də start verdiyi 150 mln. lirəlik istiqraz yerləşdirilməsini bu gün başa çatdırıb. FED.az xəbər verir ki, bu barədə “Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən məlumat verib.
Məlumata görə, istiqrazların sonuncu 40,5 mln. lirəlik partiyası bu gün realizə edilib. Qiymətli kağızları yerli investorlar alıb. 116 gün dövriyyədə olacaq, hər birinin nominal dəyəri 100 lirə olan istiqrazlar illik 13,9% gəlirliliklə, hər biri 95,769 lirədən realizə edilib. Onların ödəniş tarixi 2 oktyabr 2017-ci ildir.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2014-cü ilin sonunda, 2015-ci ilin əvvəlində "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.