“MİDA” MMC “Unibank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanıb.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin yararlana biləcəyi güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına veriləcək güzəştli ipoteka kreditidir. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.
25 il öncə fəaliyyətə başlamış “Unibank” bu gün 950 minə yaxın korporativ və fərdi müştəriyə xidmət göstərir, paytaxt və bölgələrdə yerləşən 32 filial şəbəkəsinə malikdir və maliyyə göstəricilərinə görə ölkənin ən uğurlu banklarından biridir.