“Kapital Bank” ASC növbəti qiymətləndirmə zamanı reytinqin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olmağa çalışacaq”
Bunu “World Economic” jurnalına müsahibəsində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib. Onun sözlərinə görə, ölkədə baş verən devalvasiyalardan sonra beynəlxalq reytinq agentlikləri ölkənin maliyyə sektorunun reytinqlərini aşağı endirməyə başlasa da, “Kapital Bank” əvvəlki illərdə olan reytinqini sabit saxlaya bilib.
“Ümumiyyətlə, dünyanın istənilən ölkəsində iqtisadi böhran baş verdikdə, reytinqlərdə müəyyən geriləmələr müşahidə olunur. Azərbaycanda da devalvasiyalardan sonra bəzi xoşagəlməz reytinqlər, həmçinin milli valyutanın qeyri-sabit məzənnədə olması bu cür neqativ xəbərlər eşitməyimizə zəmin yaratdı. Bankımızın fəaliyyəti Standard & Poor's və Moody's Investor Service beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bizim reytinqimiz sabit olaraq saxlanılıb. Təbii ki, neqativ xəbərlərin fonunda beynəlxalq agentliklərindən sabit reytinq almaq olduqca çətin və məsuliyyətli məsələdir. Deməli Kapital Bank ölkənin maliyyə sektorunda lider qurum olaraq özünü təsdiqləyə bilib”, - deyə R.Allahverdiyev vurğulayıb.
R.Allahverdiyev vurğulayıb ki, hazırda “Kapital Bank”ın kapital adekvatlığı əmsalı nəzarət orqanının tələblərinə tam uyğundur və bankın mövcud kapital buferi gözlənilməz halları qarşılamağa imkan verir: “Eyni zamanda, bankın mənfəətli fəaliyyəti də kapital göstəricilərini dəstəkləyir. Bildiyiniz kimi, praktikada kapitalla bağlı risklər və itkilər yerləşdirilmiş aktivlərin, o cümlədən kreditlərin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan bankımız kredit risklərini minimallaşdırmaq məqsədilə, “müştərini tanı prinsipi”nə xüsusi diqqət yetirir və bütün müraciətlər ətraflı təhlil edilir. Kreditlər verilərkən müştərilərin maliyyə vəziyyəti, öhdəlikləri, fəaliyyəti hərtərəfli təhlil olunur və potensial risklər nəzərə alınmaqla onların ödəniş imkanları daxilində kreditlər təklif olunur. Kredit risklərini minimal hədlərdə saxlamaq üçün iqtisadi şərtlər daxilində müxtəlif seqmentlərin kreditləşmə prosesi mütəmadi nəzərdən keçirilir və təkmilləşdirilir. Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib”.