“Atabank” ASC ilə “Caspian Development Bank” ASC-nin konsolidasiyası birincinin reytinqlərinə birbaşa təsir etməyib. FED.az APA-ya istinadən xəbər verir ki, “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata görə, bankda yüksək kapitallaşmanın müsbət təsiri ilə kredit portfelinin pisləşməsi arasında balans yaranıb, bu da konsolidasiyadan sonra bankın kredit portfelinin 'B-' səviyyəsində olacağı ehtimalını gücləndirir.
“Konsolidasiyadan sonra “Atabank”a 20 milyon manat həcmində kapital ayrılıb. Bu kapital dəstəyini müsbət qarşılayırıq. Buna baxmayaraq, aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi neqativ haldır. Xüsusilə də konsolidasiyadan əvvəl bankda qeyri-işlək kreditlərin həcmi 2016-cı ilin sonuna ümumi kredit portfelinin 30%-ni təşkil edib. Halbuki bu rəqəm 2015-ci ilin sonuna 13% təşkil edib. Hesab edirik ki, konsolidasiyaya gedən bank üçün qeyri-işlək kreditlərin həcmi 23% ətrafında olmalıdır, ehtiyatlar isə 55% təşkil etməlidir”, - deyə məlumatda qeyd olunub.
Məlumatda o da bildirilir ki, “Fitch” “Atabank”ın konsolidasiyadan sonra kredit portfeli və digər potensial reytinq səviyyələri barədə yaxın zamanda ətraflı məlumat yayacaq.